SOCAR ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, memorandum rəqəmsallaşma, innovasiya, informasiya texnologiyaları sahəsində infrastrukturun təkmilləşdirilməsi, insan kapitalının inkişafı, habelə kəşfiyyat, hasilat, emal, marketinq, nəqliyyat, kibertəhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur.
SOCAR-ın bilavasitə təşəbbüsü və aparılan uğurlu danışıqların nəticəsində dünyanın qlobal texnologiya şirkəti olan “Microsoft” ilə əməkdaşlıq sənədinin imzalanması SOCAR-la yanaşı, ümumilikdə ölkə üzrə innovativ mükəmməlik mərkəzinin yaradılmasına əlverişli zəmin yaradacaq. Beləliklə, “Microsoft” bundan sonra Azərbaycandakı fəaliyyətini daha da genişləndirəcək.
Qeyd edək ki, “SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası”nda enerji təhlükəsizliyi, rəqəmsallaşma, biznes dayanıqlılığı, səmərəlilik və optimallaşdırma, enerji keçidi kimi 5 təməl element üzrə şirkətin hədəfləri və onlara çatma yolları müəyyən edilib.
Bu xüsusda “Microsoft” şirkəti ilə imzalanan memorandum şirkətin uzunmüddətli strategiyasının tərkib hissəsidir və SOCAR-ın müəssisələrində təmiz, rəqəmsal və innovativ texnologiyaların tətbiqi ilə əməliyyat modelinin müasirləşdirilməsinə, texniki və texnoloji əməliyyatların daha səmərəli həyata keçirilməsinə, biznes dayanıqlılığının gücləndirilməsinə və yüksəkixtisaslı kadr potensialının inkişafına dəyərli töhfə verəcək.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək