×
A
A
A
Sazlamalar

“Asif, Vasif, Ağasif”in qəhrəmanları çəkildikləri filmi 40 ildən sonra uşaqlarla birlikdə izləyiblər

Bakı, 2 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil edilən ənənəvi “Kino həftəsi” layihəsi bu dəfə 2 avqust-Azərbaycan Kinosu Gününə həsr olunub. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində milli kinomuzda özünəməxsus iz buraxan “Asif, Vasif, Ağasif” filmi nümayiş etdirilib. Tamaşaçılara milli kinomuzun yaranması və bu günün təsis olunması tarixi ilə bağlı məlumat verilib. Filmin əsas rollarında çəkilən-Asif rolunun ifaçısı Emil Pənahov və Ağasif rolunun ifaçısı Hökümə Cəlilova Mərkəzin qonağı olub. Qonaqlar filmin təqdimatından əvvəl tamaşaçılara çəkiliş meydançasında baş verən maraqlı hadisələrdən danışıblar. Hazırda fəaliyyətlərini fərqli sahədə davam etdirən film qəhrəmanları rejissor Rasim İsmayılovun 1983-cü ildə ekranlaşdırdığı əsərin kadrarxası məqamları ilə bağlı təəssüratlarını bölüşüblər. Sonra filmin qəhrəmanlarını canlandıran aktyorlar tamaşaçılarla birgə filmi izləyiblər.
Layihəyə ümumilikdə sosial cəhətdən həssas əhali qruplarına aid 70 nəfərədək uşaq və yeniyetmə, onların valideynləri və qəyyumları cəlb olunub.

Sosial 2023-08-02 15:57:00