×
A
A
A
Sazlamalar

“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 2 min 883 işsiz şəxs cəlb edilib

Bakı, 1 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 2883 işsiz şəxs cəlb edilib. Beləliklə, layihəyə cəlb olunanların sayı 9457-yə çatıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin - əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və s. özünüməşğulluq üzrə kiçik bizneslərinin yaradılmasıdır.
Layihə çərçivəsində ümumilikdə həmin kateqoriyadan olan 22 min şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi hədəflənib.
Qeyd edək ki, layihənin iştirakçıları üçün əvvəlcə təlimlər təşkil olunur. Təlimlərin yekununda keçirilən qiymətləndirmədə biznes planlarını müdafiə edən şəxslər istehsal və xidmət sahələri üzrə təsərrüfatlarını yaratmaları üçün avadanlıqlarla təmin olunurlar.

 

 

Sosial 2023-08-01 10:56:00