×
A
A
A
Sazlamalar

Zəngilan könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb VİDEO

Bakı, 31 iyul, AZƏRTAC
Zəngilan rayonunun Ağalı kəndində Zəngilan könüllülərinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə “Qayıdış Könüllüləri” Proqramının “Zəngilan Könüllüləri” qrupu ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb.
Zəngilan könüllülərinin Ağalı kəndinə təşkil olunan səfəri zamanı Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev könüllü gənclərlə görüşüb, cəmiyyətin inkişafında önəmli olan fəaliyyətlərində onlara uğurlar arzulayıb və bu proqramın onlar üçün də faydalı olacağını qeyd edib.
“Ölkəmizin dayanıqlı inkişafında könüllülük fəaliyyəti olduqca böyük önəm daşıyır. Sizin fəaliyyətiniz işğaldan azad olunmuş Zəngilanda olacağı üçün öz növbənizdə dövlətimizin başçısının rəhbərliyi ilə aparılan tikinti-quruculuq işlərinə, eləcə də “Böyük Qayıdış” prosesinə müsbət töhfənizi verəcəksiniz. Bu proqram həm də sizə yeni təcrübə, dünyagörüşü, sosiallaşma, uğurlu karyera yolu, ətrafda baş verən hadisələrə daha həssas yanaşma, komandada işləmə və ünsiyyət qurma bacarığı sahəsində özünüzü inkişaf etdirməyə yardımçı olacaq!”,- deyə Vahid Hacıyev bildirib.
Daha sonra könüllülər “Böyük Qayıdış”ın rəmzi olan, “Ağıllı kənd” layihəsi ilə yenidən qurulan, həyatın canlandığı Ağalı kəndinin ərazisi ilə, buraya köçürülən ailələr üçün yaradılan şəraitlə yaxından tanış olub, görülən və planlaşdırılan işlər haqqında ətraflı məlumat alıblar. Həmçinin səfər zamanı könüllülər kənddə məskunlaşan əhali ilə görüşüb, fikir mübadiləsi aparıb, təəssüratlarını onlarla bölüşüblər. Görüşdə bildirilib ki, Zəngilan könüllülərinin kəndə belə səfərlərinin tez-tez təşkili, eyni zamanda, Nümayəndəliklə birlikdə Ağalı kəndində yaşayan uşaq, yeniyetmə və gənclər üçün müxtəlif məzmunlu, maraqlı tədbirlərin keçirilməsi planlaşdırılır.
Proqram çərçivəsində könüllülər tərəfindən Zəngilan rayonu ərazisində müxtəlif könüllü fəaliyyətlərə, o cümlədən mütəmadi olaraq bu ərazilərdə keçiriləcək tədbirlərin təşkilində iştirak etməyə, buraya səfər edən yerli və xarici qonaqlarla işə, qayıdışa hazırlığa, bərpa və yenidənqurma işlərinə, məskunlaşmaya, həmçinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə müxtəlif fəaliyyət istiqamətləri üzrə dəstəyin göstərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq icra olunan proqramın əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləməkdir. Eyni zamanda, proqram əslən Şərqi Zəngəzurdan olan gənclərin öz doğma torpaqlarında reallaşdırılan yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin tarixi mədəni irsinin təbliğində iştirakının təşviq edilməsinə və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verilməsinə hesablanıb.

Sosial 2023-07-31 11:23:00

Video