×
A
A
A
Sazlamalar

Bu ilin 6 ayı ərzində 8200-dən çox 18 yaşadək əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib

Bakı, 28 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində bu ilin yanvar-iyun aylarında 18 yaşadək əlilliyi olan 8227 şəxsə reabilitasiya xidmətləri göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 4504-nə ambulator, 835-nə stasionar, 2525-nə onlayn, digərlərinə isə sosial-psixoloji, səyyar və digər formalarda reabilitasiya xidmətləri göstərilib.
Qeyd edək ki, hazırda Bakı və Qəbələdə 18 yaşadək əlilliyi olanları bərpa xidmətləri ilə təmin edən 3 uşaq reabilitasiya mərkəzi fəaliyyət göstərir.
Həmin kateqoriyadan olan uşaqların reabilitasiya infrastrukturunun genişləndirilməsi sahəsində Şəmkirdə 25 çarpayılıq uşaq reabilitasiya mərkəzinin tikintisi davam etdirilir, Quba və Ağcabədidə isə yeni mərkəzlərin tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Sosial 2023-07-28 11:20:00