×
A
A
A
Sazlamalar

İƏT Quranın nüsxələrinin yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək

Bakı, 27 iyul, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iyulun 31-də üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının fövqəladə virtual sessiyasını keçirəcək.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, bu sessiya Səudiyyə Ərəbistanı Krallığının tələbi əsasında təşkil ediləcək. İslam ölkələrinin nazirlər 14-cü İslam Zirvə görüşü ərəfəsində İsveç və Danimarkada “Qurani-Kərim”in nüsxələrinin təhqir edilməsi və yandırılması ilə bağlı təkrarlanan hadisələri müzakirə edəcəklər.
Nazirlərin bu təcili iclası İƏT İcraiyyə Komitəsinin cari il iyulun 2-də Ciddədəki İƏT Baş Katibliyinin mənzil-qərargahında keçirilən fövqəladə iclasdan sonra verdiyi yekun bəyanata cavab olaraq çağırılıb. Təşkilatın rəhbərliyi bu məsələ ilə bağlı İsveçdə yüksək səviyyəli fövqəladə görüşlərin keçirilməsinin zəruriliyini də vurğulayıb.
Sessiyada İƏT-in Baş katibi Hissein Brahim Taha dünya ölkələrinə müraciət edəcək, həmçinin üzv dövlətlərlə məsləhətləşmələr aparılacaq. Nazirlər dini nifrət və dözümsüzlüyü ifadə edən təkrar təxribat xarakterli hərəkətlərə cavab olaraq əlavə tədbirlərin görülməsi barədə qərar qəbul edəcəklər.

 

Din 2023-07-27 16:29:00