×
A
A
A
Sazlamalar

Mövcud kredit faizlərində ciddi dəyişiklik gözlənilmir - İqtisadçı-ekspert

Bakı, 27 iyul, AZƏRTAC

Faiz dəhlizinin yuxarı və aşağı hədlərinin dəyişdirilməməsi mövcud kredit faizlərində ciddi dəyişiklik gözlənilmədiyindən xəbər verir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin dəyişməz qalması barədə qərar qəbul edib. Bu qərarın yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul olunduğu bildirilib. İnflyasiya səviyyəsi hələ də hədəflənən həddən yüksəkdir. İyun ayında əvvəlki aya nəzərən 0.9 faizlik deflyasiya qeydə alınması istehlak tələbinin tənzimlənməsindən daha çox mövsümi faktorlarla bağlıdır. Aydındır ki, bu faktorlar xüsusən sentyabrdan başlayaraq minimumlaşacaq. İdxal inflyasiyasının təsirləri azalsa da, strukturda payı yüksək olaraq qalmaqdadır. Bu baxımdan illik inflyasiyanın iyunda 10.6 faiz təşkil etməsi nə arxayınçılıq üçün əsas olmalı, nə də tendensiyanın növbəti aylarda da eyni davam edəcəyi anlamına gəlməməlidir. Bu isə o deməkdir ki, hədəflənən inflyasiyanın əldə edilməsi hələlik zaman tələb edəcək.
“Uçot dərəcəsinin kredit faizlərinə təsirlərinə gəldikdə isə etiraf etmək lazımdır ki, hələlik bu alətin borc bazarlarına təsirləri minimumdur. Faiz dəhlizinin yuxarı və aşağı həddlərinin dəyişdirilməməsi də ondan xəbər verir ki, mövcud kredit faizlərində ciddi dəyişiklik gözlənilmir. Bu baxımdan da, Mərkəzi Bankın kredit bazarına təsir edəcək digər alətlərindən daha fəal istifadəsinə ehtiyac var”, - deyə ekspert qeyd edib.

Maliyyə 2023-07-27 12:02:00