×
A
A
A
Sazlamalar

Xarici ölkədə yerləşən şirkətə konsultasiya xidməti verərkən fiziki şəxsin hansı vergi öhdəliyi yaranır?

Bakı, 27 iyul, AZƏRTAC

Fiziki şəxs xarici ölkədə yerləşən şirkətə konsultasiya xidməti verərək qazandığı gəliri qəbul etmək üçün VÖEN və bununla bağlı bank hesabı açmalıdır. Bu halda fiziki şəxsin hansı vergi öhdəliyi yaranır?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergiödəyicisi kimi uçota alınmalıdır.
Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Gəlirlərin yalnız vergiödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər vergiödəyicisinə xidmət etdiyi üçün həmin vergiödəyicisinin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur və o, gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.
Bu fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunub ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğu halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilər.
Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

Maliyyə 2023-07-27 07:17:00