×
A
A
A
Sazlamalar

“Azərişıq”: Cari ilin 6 ayında 140 min ədəd elektrik sayğacı quraşdırılıb

Hadrut, 25 iyul, AZƏRTAC

Hadrutda “Azərişıq” ASC-nin təşkilatçılığı ilə paylayıcı şəbəkələrdə 2023-cü ilin 6 ayı üzrə görülmüş işlərə dair hesabat tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri ASC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Mustafayev açaraq, paylayıcı şəbəkələrdə cari ilin 6 ayı ərzində həyata keçirilmiş islahatlar nəticəsində əldə edilən nailiyyətlər, ictimai, sosial və maarifləndirici fəaliyyət haqqında ümumi məlumatı media nümayəndələrinə təqdim edib.
“Azərişıq” ASC tərəfindən ölkənin enerji təchizatı sahəsində son yarım ildə görülmüş işlərə dair hesabat film nümayiş olunub.
Media nümayəndələrinin iştirak etdiyi görüşdə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxışında cəmiyyətin gənc mütəxəssislərin təkmilləşdirilməsi, kadr islahatları planından danışıb, ölkədə, əsasən də işğaldan azad olunmuş ərazilərdə ASC tərəfindən aparılan yenidənqurma, bərpa işləri və digər innovativ yeniliklərlə bağlı ətraflı məlumat verib.
A.Məmmədzadə bildirib ki, son 6 ay ərzində ölkə daxilində və xaricdə bir çox xarici və yerli mütəxəssislərlə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb: “Xarici praktikadan yararlanaraq "Azərişıq" ASC tərəfindən ali təhsil müəssisələrdə sonuncu kursda təhsil alan tələbələr üçün ödənişli təcrübə proqramları reallaşdırılıb. Artıq belə bir layihənin biri yekunlaşıb. Bu kursları bitirmiş 50-dək sonuncu kurs tələbələri ASC tərəfindən işlə təmin olunub və təqaüd qazanıb”.
“Azərişıq” ASC-nin Texniki Departament direktoru Vüsal Qənbərov şəbəkələrdə aparılan yenidənqurma və bərpa işlərindən danışaraq, müasir texnologiyaların geniş tətbiqi və təkmilləşdirilməsi, çılpaq naqillərlə çəkilmiş elektrik veriliş xətlərinin tədricən kabel xətləri ilə əvəz edilməsi, o cümlədən şəbəkələrdəki güc mərkəzlərinin rəqəmsal qurğu və avadanlıqlarla təchiz edilməsini xüsusi qeyd edib.
V.Qənbərov bildirib ki, hesabat dövründə 61 ədəd 110 kV-luq, 282 ədəd 35 kV-luq, 1005 ədəd 10 və 6 kV-luq elektrik avadanlıqlarının təmir, bərpa və sınaq işləri aparılıb: "O cümlədən 46,4 kilometr 110 kV-luq, 229,5 kilometr 35 kV-luq, 960 kilometr 10 və 6 kV-luq, 5 min kilometrdən artıq 0,4 kV-luq elektrik verilişi xətlərində, 552 ədəd 10 və 6 kV-luq, 26 ədəd 35 kV-luq, 12 ədəd 110 kV-luq güc transformatorlarında təmir, bərpa və sınaq işləri aparılıb”.
Departament direktoru ölkədə həyata keçirilən “100 kənd” layihəsi və Qarabağda görülmüş işlər barədə media nümayəndələrinə məlumat verib.
Sonra “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev 2023-cü ilin 6 ayı ərzində 10.095 milyon kVt/s elektrik enerjisi alındığını, 140 min ədəd elektrik sayğacının quraşdırıldığını bildirərək, keçən dövrlər ərzində enerji satışı fəaliyyəti üzrə həyata keçirilmiş tədbirlər, əldə olunan nəticələr və cari ilin sonuna olan hədəflər barədə ətraflı şəkildə məlumat verib. Ayrıca, elektrik enerjisinin tələbatında iqlim şərtlərinin bir-başa təsiri olduğunu əks etdirən təhlillər nümayiş etdirilib, yekun olaraq isə cari il üçün texniki itkilərin maksimum faiz həddinin 8,6 faiz olacağının proqnozlaşdırıldığı bildirilib.
“Azərişıq” ASC üzrə “ASAN Xidmət” vasitəsilə müraciətlərin qəbul edilməsi, emalı və icrası barədə cəmiyyətin “ASAN xidmət”lə iş və Elektron xidmətlər Departamentinin direktor müavini İnam Yusifov müvafiq məlumatları tədbir iştirakçılarına təqdim edib.
Bununla yanaşı, İnformasiya Texnologiyaları Departamentinin şöbə rəisi Vüsal İsayev cari ilin müvafiq dövrü ərzində Elektron Xidmətlər, SMS xəbərdarlıq, rəqəmsal həllər və müasir proqram tətbiqləri barədə media nümayəndələrinə ətraflı məlumat verib, yeni tətbiqlərin istifadə qaydalarını nümayiş etdirib.
Görüşlərin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.



Energetika 2023-07-25 18:28:00