×
A
A
A
Sazlamalar

İşçiyə ödənilən yemək xərci vergiyə cəlb edilirmi?

Bakı, 25 iyul, AZƏRTAC

Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən iqtisadçı-ekspert Nüsrət Xəlilovun sözlərinə görə, işçilərə yemək xərclərinin ödənilməsi bir neçə şəkildə baş verə bilər: “Müəssisə tərəfindən əməkhaqqından əlavə yemək xərclərinin qarşılanması ilə bağlı müəyyən məbləğdə ödəniş edə bilər. İkinci halda, müəssisə tərəfindən pul şəkilində ödəniş edilmir, müəssisədə təchiz edilmiş yeməkxanada işçilər yeməklə təmin edilir. Yaxud da müəssisə razılaşdırılmış restoranlarda yemək üçün işçilərinə kupon təqdim edə bilər ki, bu da yemək xərclərinin qarşılanmasının bir növüdür. Göründüyü kimi, yuxarıda qeyd edilmiş üç halda da müəssisə işçilərin yemək xərclərini qarşılayır. Hər bir halda işçilərin yemək xərclərinin gəlirdən çıxılmasına icazə verilməsə də yemək xərclərinin əvəzinin birbaşa işçiyə ödənilməsi zamanı işçiyə ödənilmiş yemək xərclərinin əvəzi işçinin muzdlu işdən gəlirinə aid edilir və gəlir vergisinə cəlb edilir”.
Ekspert qeyd edib ki, Vergi Məcəlləsinə görə əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir və bu xərclər müəssisənin mənfəəti hesabına qarşılanır.

Maliyyə 2023-07-25 17:41:00