×
A
A
A
Sazlamalar

Vüsal Qənbərov: Hazırda 22 kənddə elektrik enerji şəbəkəsi yenidən qurulur

Hadrut, 25 iyul, AZƏRTAC

Azərbaycan üzrə "Azərişıq" ASC-nin Tədbirlər planına salınmış 40 kənddə elektrik enerji şəbəkəsinin yenidən qurulması üzrə işlər çərçivəsində 18 kənddə bu işlər artıq yekunlaşdırılıb. 22 kənddə işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Texniki Departament direktoru Vüsal Qənbərov qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.
Diqqətə çatdırıb ki, bu ilin 6 ayında Ağdamda 2 ədəd 35 kv-luq yarımstansiya istifadəyə verilib. Ümumilikdə ölkədə 66,2 kilometr 35 kV-luq, 147 kilometr 10 kV-luq, 93,3 kilometr 0,4 kV-luq kabel xətləri quraşdırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq “Azərişıq” ASC 2022-ci ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində ümumilikdə müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.

Energetika 2023-07-25 16:12:00