×
A
A
A
Sazlamalar

Şeyxülislam: Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərə hər zaman diqqət və qayğı ilə yanaşıb

Bakı, 18 iyul, AZƏRTAC

Məhərrəm ayının başlanması ilə əlaqədar iyulun 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) iclas keçirilib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bu ayın Vətən müharibəsi şəhidlərimizin anılması üçün müqəddəs məqam olduğunu diqqətə çatdırıb. Şeyxülislam Vətən müharibəsində Qələbəmizin əsas qüvvətverici amillərinin dövlət-xalq birliyi, ölkə Prezidentinin ətrafında sıx birləşmək, cəmiyyət daxilində milli və dini həmrəylik olduğuna diqqət çəkib. QMİ sədri bu dəyərlərin qorunmasının gələcək zəfərlərə doğru addımlamağımız üçün önəmli olduğunu bildirərək din xadimlərinin üzərinə düşən mənəvi vəzifələri xüsusi xatırladıb.
“Dövlət-din münasibətlərinin yüksək səviyyəsinin təməlini qoyan, bu il anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərə hər zaman diqqət və qayğı ilə yanaşıb. Ümummilli Liderin başlatdığı ali mənəviyyat yolu bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam və inkişaf etdirilir”, - deyə şeyxülislam vurğulayıb.
Tədbirdə Ulu Öndərin milli-mənəvi dəyərlərə ehtiramını əks etdirən film nümayiş etdirilib.
Toplantıda QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciəti oxunub və qəbul olunub.
İclasda təşkilati məsələlərə baxılıb. QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib, vəfatı, səhhəti və ya səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 3 nəfərin səlahiyyətli nümayəndə, 3 nəfərin isə qazı olaraq fəaliyyətinə xitam verilib. Qazılar Şurasına 7 nəfər yeni qazının və QMİ-nin 3 yeni səlahiyyətli nümayəndəsinin təyin olunması barədə məlumat verilib. Sədrə yeni müavin təyin edilib.
Daha sonra şeyxülislam A.Paşazadə QMİ-nin dinlərarası dialoq və əməkdaşlıq müstəvisində xalqımızın, dövlətimizin maraq və mənafelərinə xidmət etmək üçün həyata keçirdiyi görüş və tədbirlər barədə din xadimlərinə məlumat verib. Bildirib ki, dünyada ölkəmizə olan etimad və ehtiramın mənbəyi Azərbaycan dövlətçiliyinin uğur və qələbələridir. Eyni zamanda, İdarənin Ümumdünya Kilsələr Şurasına ünvanlanmış etiraz məktubu din xadimlərinin diqqətinə çatdırılıb.
İclasda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı din xadimlərinə öz tövsiyələrini bildirib. Onların Vətən müharibəsi günlərində yüksək vətənpərvərlik nümunəsi göstərdiklərini xüsusi vurğulayan komitə sədri Məhərrəmlik mərasimləri dövründə də dinimizin dəyərlərinin insanlara çatdırılmasında din xadimlərinin üzərinə düşən məsuliyyəti xatırladaraq xurafat elementlərinin yer almaması üçün diqqətli olmağı tövsiyə edib. Komitə rəhbəri dini mərkəzin verdiyi qərar və dini hökmlərin təyinat üzrə çalışan din xadimləri üçün icbari xarakter daşıdığını diqqətə çatdırıb.
İclasda imamların sualları dinlənilib, din xadimlərini maraqlandıran məsələlərə şərh verilib.
Həmçinin iclasda Vətən uğurunda şəhidlik zirvəsinə ucalanların ruhlarına dualar oxunub.

Din 2023-07-18 17:18:00