×
A
A
A
Sazlamalar

Dövlət büdcəsinin qeyri-neft/qaz sektoru üzrə daxilolmaları artıb

Bakı, 17 iyul, AZƏRTAC

Dövlət büdcəsinin qeyri-neft/qaz sektoru üzrə daxilolmaları 2023-cü ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 57,0 faizini təşkil etməklə 8831,2 milyon manat olub. Bu da proqnozla müqayisədə 1500,4 milyon manat və ya 20,5 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 1374,6 milyon manat və ya 18,4 faiz çoxdur.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft/qaz sektoru üzrə daxilolmaların 58,8 faizini və ya 5193,7 milyon manatını vergi daxilolmaları, 34,8 faizini və ya 3075,5 milyon manatını gömrük rüsumları və idxala vergi daxilolmaları, 4,5 faizini və ya 393,9 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 faizini və ya 16,0 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 1,7 faizini və ya 152,1 milyon manatını sair gəlirlər təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 6648,7 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 1629,2 milyon manat və ya 19,7 faiz az (Dövlət Neft Fondundan nəzərdə tutulandan 2979,0 milyon manat az vəsaitin daxil olması ilə əlaqədar), 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 100,1 milyon manat və ya 1,5 faiz azdır. Yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 60,0 faizi və ya 3987,7 milyon manatı vergi daxilolmaları, 40,0 faizi və ya 2661,0 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert təşkil edir. Neft-qaz sektoru vergi daxilolmalarının 66,0 faizi və 2630,4 milyon manatı “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət vergisi, 24,9 faizi və ya 992,5 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,1 faizi və ya 364,8 milyon manatı “Azəri-Çıraq-Günəşli” neft yatağı üzrə mənfəət vergisi olub.

Maliyyə 2023-07-17 14:07:00