×
A
A
A
Sazlamalar

Yarım ildə büdcənin icrasında ümumi daxili məhsulun 2,3 faizi qədər profisit yaranıb

Bakı, 13 iyul, AZƏRTAC

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 15480,0 milyon manat, xərcləri 14063,3 milyon manat təşkil edib, büdcənin icrasında 1416,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,3 faizi qədər profisit yaranıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2023-cü ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 13961,0 milyon manat, xərcləri isə 11142,4 milyon manat təşkil edib. Büdcənin icrasında yaranmış 2818,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 5,7 faizinə bərabər olub.
Daxilolmaların 36,20 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 24,56 faizi əlavə dəyər vergisi, 4,89 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,76 faizi fiziki şəxslərin gəlir vergisi, 3,87 faizi aksizlər, 1,12 faizi sadələşdirilmiş vergi, 1,85 faizi vergilərin digər növləri, 22,75 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 21,89 faizi iqtisadi fəaliyyətin, 19,97 faizi təhsil və səhiyyənin, 15,75 faizi sosial müdafiə və sosial təminatın, 13,55 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 12,05 faizi ümumi dövlət xidmətlərinin, 16,80 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Maliyyə 2023-07-13 16:56:00