×
A
A
A
Sazlamalar

AQTA-nın Multimonitorinq Planına əsasən çörək, süd, kolbasa, sosiska və dondurma nümunələri müayinə edilib

Bakı, 12 iyul, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın təmin edilməsi məqsədilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə hallarının və daxil olan istehlakçı şikayətlərinə əsasən məlumat bazasının təhlili nəticəsində bu sahədəki bir sıra nöqsanların müəyyənləşdirilərək müvafiq addımların atılmasına dair hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Planın icrası çərçivəsində müxtəlif qida məhsullarından nümunələr götürülüb və müayinə üçün laboratoriyalara təqdim olunub.
Belə ki, 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış 108 çörəkdən nümunə götürülüb. Həmin nümunələrin 103-ü yerli, 5-i idxal edilən məhsuldan olub. Nümunələrin sınaq nəticəsinə əsasən 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib. 11 müxtəlif istehsalçıya məxsus çörəklərdə mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edildiyinə görə, həmin müəssisələrdə plandankənar yoxlama keçirilib. 8 müəssisə barəsində inzibati qaydada müvafiq tədbir görülüb, 1-nin fəaliyyəti dayandırılıb.
Eyni zamanda ticarət şəbəkələrində satışı həyata keçirilən kolbasa və sosiska məhsullarından 159 nümunə götürülüb ki, bunların 67-si halal, 92-si qeyri-halal məhsullardır. Sınaq nəticələrinə əsasən 22 istehsalçıya məxsus 45 məhsulda uyğunsuzluq aşkar edilib. Belə ki, 37 nümunənin etiket məlumatları ilə məhsulun faktiki tərkibi ilə uyğunsuzluq, 8 nümunənin isə təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb. Bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, o cümlədən həmin məhsul partiyalarının ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Həmçinin 108-i yerli, 52-si idxal edilən olmaqla ticarət şəbəkələrində satışda olan süd məhsullarından 160 nümunə götürülüb və müayinə məqsədilə laboratoriyaya təqdim edilib. Nümunələrin sınaq nəticəsinə əsasən 139 məhsul normativ sənədlərin tələblərinə cavab verib. 16 istehsalçıya məxsus 21 məhsulda uyğunsuzluq aşkar olunub. Uyğunsuzluq aşkarlanan 3 müəssisənin fəaliyyəti dayandırılıb, 11-i ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilib.
Eləcə də Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 11 yerli istehsalçıya məxsus 21 dondurmadan nümunələr götürülərək müayinə aparılması üçün müvafiq laboratoriyaya təqdim olunub. Nümunələrin sınaq nəticələrinə əsasən 17 nümunədə uyğunsuzluq aşkar edilməyib. 3 istehsalçıya məxsus 4 məhsulda isə uyğunsuzluq aşkarlanıb. Həmin müəssisələrdə plandankənar yoxlama həyata keçirilərək qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Sosial 2023-07-12 10:35:00