×
A
A
A
Sazlamalar

İkinci rübdə maliyyə axınları üzrə iqtisadi fəaliyyət sahələrinin göstəriciləri açıqlanıb

Bakı, 11 iyul, AZƏRTAC

İkinci rübdə maliyyə axınları üzrə ötən ilin eyni dövrü ilə müqayisədə yeddi iqtisadi fəaliyyət sahəsində azalma, digərlərində isə artım qeydə alınıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ən çox artım nəqliyyat və anbar təsərrüfatı (70 faiz), elektrik enerjisi, qaz və buxar təchizatı (55 faiz) və peşə, elmi və texniki fəaliyyət (38 faiz) sahələrində olub. Ən çox azalma isə su təchizatı (-19 faiz), digər sahələrdə xidmətlərin göstərilməsi (-16 faiz) və maliyyə və sığorta fəaliyyəti (-15 faiz) sektorlarında müşahidə edilib.
Nəqliyyat və anbar təsərrüfatı iqtisadi fəaliyyət sahəsi üzrə ödəniş daxilolmaları ötən ilin eyni rübünə nəzərən 70 faiz və ya 547,9 milyon manat artaraq 1329 milyon manat təşkil edib. Bu sahədə artıma töhfə verən əsas qruplar poçt fəaliyyəti (353,5 milyon manat artım), hava nəqliyyatı vasitəsilə sərnişinlərin daşınması (85,5 milyon manat artım) və yük avtomobil nəqliyyatlarının fəaliyyəti (32,5 milyon manat artım) olub. Sektorda azalma isə boru kəməri nəqliyyatının fəaliyyəti (-49 faiz), saxlama və anbarlara yığma (33 faiz) və dəniz nəqliyyatı vasitəsilə yüklərin daşınması (-27 faiz) qruplarında qeydə alınıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı iqtisadi fəaliyyət sahəsi üzrə ödəniş daxilolmaları 989,7 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz çoxdur. Artım əsasən qazın istehsalı və bölüşdürülməsi qrupundan irəli gəlib, bu qrup üzrə ödəniş daxilolmaları 11,1 dəfə və ya 362 milyon manat artaraq 397,8 milyon manat təşkil edib. Eyni zamanda, buxar və kondisiyalanmış hava ilə təchizat qrupunda 63 faiz artım, elektrik enerjisinin istehsalı və ötürülməsi qrupunda isə 2,6 faiz azalma qeydə alınıb.
Peşə, elmi və texniki fəaliyyət sahəsində maliyyə axınlarının məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz və ya 292,8 milyon manat artaraq 1055 milyon manat təşkil edib. Bu iqtisadi fəaliyyət sahəsində artıma töhfə verən əsas qruplar hüquq sahəsində fəaliyyət (79,7 milyon manat artım), idarəetmə məsələləri üzrə məsləhətlər (70,5 milyon manat artım) və memarlıq və mühəndis axtarışları (65,2 milyon manat artım) olub. Bu sahə üzrə azalma isə əsasən bazar konyukturasının tədqiqi (-29 faiz və ya 2,4 milyon manat azalma) və tibb və texniki elmlər sahəsində tədqiqatlar (-29 faiz və ya 2,4 milyon manat azalma) qrupları ilə bağlı olub.
Mədənçıxarma sənayesi sahəsi üzrə maliyyə axınları ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz artaraq 2,4 milyard manat təşkil edib. Ən çox artım dəmir filizinin hasilatı (7,1 dəfə) və əlvan metal filizlərinin hasilatı (3,3 dəfə) qruplarında olub, artıma töhfə əsasən xam neft hasilatı (298,9 milyon manat artım), neft və təbii qaz sahəsində xidmətlərin göstərilməsi (235,6 milyon manat artım) və təbii qaz hasilatı (80,2 milyon manat artım) qruplarından irəli gəlib. Daş, qum və gil hasilatı (-39,2 faiz) qrupunda isə azalma qeydə alınıb.

Maliyyə 2023-07-11 12:27:00