×
A
A
A
Sazlamalar

Qazaxıstan Transxəzər marşrutu üçün 2 tanker alıb

Bakı, 10 iyul, AZƏRTAC

Qazaxıstan Transxəzər marşrutu üçün iki tanker alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “KazMunayQaz Milli Şirkət” Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb.
Rumıniyanın Qalas şəhərində 2 neftdaşıyan tankerin - “Taraz” və “Liwa”nın Qazaxıstan tərəfindən təhvil alınması ilə bağlı təntənəli mərasim keçirilib. Əldə olunan 2 tanker Qazaxıstan tərəfinin ildə 750 min ton neft nəqli üzrə öhdəliklərini tam ödəyəcək.
Tankerlər neftin Xəzər dənizi ilə nəqlini təmin edəcək.
Qeyd edək ki, 2022-ci ildə KMG və SOCAR arasında Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton həcmində və daha sonra ildə 5 milyon tona çatdırılmaqla neft tranziti haqqında beşillik müqavilə imzalanıb.
Qazaxıstan neftinin Azərbaycan ərazisindən tədarükünün logistik sxemi neftin Xəzər dənizi vasitəsilə tankerlərlə daşınmasını, Qazaxıstanın Aktau limanında yüklənməsini, dənizin dayaz sulu olması ilə əlaqədar dedveyt tonu 12,368 min ton olan “Caspian max” kiçik ölçülü neft tankerləri ilə daşınmasını nəzərdə tutur. Neftin qəbulu - Bakı şəhəri ərazisindəki Səngəçal terminalında Bakı - Tbilisi - Ceyhan (BTC) magistral neft boru kəməri ilə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanında ixrac üçün neftin daşınması üzrə olacaq.
Transxəzər marşrutu üzrə sınaq nəqletmə 8 illik fasilədən sonra 2023-cü il martın 20-də həyata keçirilib.
KMG və SOCAR arasında bağlanmış müqaviləyə əsasən, nəzərdə tutulan tranzit neftin ən azı 50 faizi donanmanın genişləndirilməsi istiqamətində iş aparan KMTF tankerləri ilə həyata keçirilməlidir.

Neft - qaz 2023-07-10 16:17:00