×
A
A
A
Sazlamalar

® “Rabitəbank” vətəndaşlara şəxsi biznesini qurmağa dəstək oldu

“Rabitəbank” özünüməşğulluq proqramı çərçivəsində müxtəlif kateqoriya, iş sahəsi və coğrafi rayona aid, öz biznesinə başlamaq istəyən aztəminatlı sahibkarlara onların biznes planlarına uyğun olaraq, aktivlərin təqdim edilməsinin ilk mərhələsini yekunlaşdırıb.

Bank proqram çərçivəsində Bakı şəhəri Nizami rayonu, Şəmkir, Biləsuvar, Qazax, Yevlax və Salyan rayonlarında müxtəlif fəaliyyət sahələri ilə məşğul olan 6 vətəndaşı lazımi avadanlıqlarla təmin edib. Onlardan biri Hüseynov Fərman Məzahir oğlu bankın göstərdiyi dəstək sayəsində heyvandarlıq fəaliyyətinə olan marağını reallaşdırmağa və şəxsi biznesini qurmağa müvəffəq oldu. Bankın “Nizami” filialı tərəfindən isə Həsənov Həsrət Nemət oğluna avtoçilingər avadanlıqları təqdim edildi.
“Rabitəbank” ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində öz töhfəsini verməyə davam edir. Belə ki, bank nümayəndələri özünüməşğulluq layihəsi çərçivəsində Əliyeva Şəlalə Fəxrəddin qızına maldarlıq təsərrüfatı, Ağaməmmədova Rəfiqə Nəsir qızına isə un məmulatları istehsalı üzrə şəxsi biznesini qurmaq üçün lazım olan avadanlıqları təqdim etdilər. “Rabitəbank”, həmçinin gözəllik salonu açmaq istəyən Mustafazadə Aygün Aydın qızının arzusunu da həyata keçirməyə kömək oldu. Dəstək göstərilən digər vətəndaş Kazımov Elmir Elçin oğlu kiçik foto atelye üçün lazım olan avadanlıq və materiallarla təmin olundu.
Hazırda ikinci mərhələyə start verilib, ehtiyacı olan, həssas qrupa aid daha 6 fiziki şəxs müəyyən edilib. Bu vətəndaşların öz işlərini qurması üçün nəzərdə tutulan avadanlıqlarla təminatı “Rabitəbank” tərəfindən həyata keçirilməkdədir və qısa müddətdə başa çatdırılacaq. Qeyd edək ki, aktivlər sahibkarlara təmənnasız olaraq verilir.
Xatırladaq ki, özünüməşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Özünüməşğulluq proqramına qoşulmuş bankımız bu cür sosial layihələrin reallaşdırılmasının əhəmiyyətini anlayır və özünəməşğulluq proqramına dəstək olmağa davam edəcək.

Maliyyə 2023-07-10 16:12:00