×
A
A
A
Sazlamalar

BMT-nin Əhali Fondu Ümumdünya Əhali Günü ərəfəsində son demoqrafik vəziyyəti açıqlayıb

Bakı, 10 iyul, AZƏRTAC

BMT İnkişafı Proqramının (UNDP) təşkilatın Baş Assambleyasına 1989-cu ildə təqdim etdiyi təklifə əsasən, diqqəti dünyadakı demoqrafik problemlərə çəkmək məqsədilə hər il iyulun 11-də Ümumdünya Əhali Günü qeyd olunur. BMT-nin Əhali Fondu (UNFPA) yeni hesabatında bu sahədə son vəziyyəti açıqlayıb.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Fondun tərtib etdiyi “2023-cü ildə dünya əhalisinin vəziyyəti” hesabatına görə, dünya əhalisi 1999-cu ildə 6 milyard, 2011-ci ildə 7 milyard və 2022-ci ildə 8 milyard nəfərə çatıb. Cari ildə isə bu rəqəm 8 milyardı ötüb keçib. Əhalinin sayına görə Hindistan birinci yerdədir (1 milyard 600 milyon nəfər). Onun ardından 1 milyard 425 milyon nəfərlə Çin və 340 milyon nəfərlə ABŞ gəlir. Dünyada orta insan ömrü isə kişilərdə 71, qadınlarda 76 yaşdır.
UNFPA-nın hesabatında qeyd edilir ki, dünyada əhali artımı ən çox 8 ölkədə cəmləşəcək. Bunlar, Misir, Konqo Demokratik Respublikası, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniyadır. Bu ölkələrin 2050-ci ildə dünya əhalisinin yarısına malik olacağı gözlənilir. Eyni zamanda, qlobal əhali sayının artması fonunda artım tempi də zəifləyir. Bu templə əhalinin sayı 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə 9,7 milyard, 2100-cü ildə isə 10,4 milyard nəfərə çata bilər.
Hesabatda bildirilir ki, əvvəllər ən böyük əhali sayına malik olan Çində demoqrafik vəziyyət getdikcə pisləşir. Belə ki, 2021-ci ildə bu ölkədə əhalinin sayı 1 milyard 412 milyon olduğu halda, 2022-ci ildə bu göstərici 1 milyard 411 milyon 800 minə düşüb. Ötən il Çinin müasir tarixində doğumların ən az olduğu dövr olub. Bu azalmanın cari ildə də davam edəcəyi gözlənilir. Qarşıdakı illərdə əhalinin sayında ən çox azalmanın isə Bolqarıstan, Litva, Latviya, Serbiya və Ukraynada olacağı proqnozlaşdırılır.

 

 

Sosial 2023-07-10 14:34:00