×
A
A
A
Sazlamalar

Yeni Zelandiyanın təsdiqdən keçməyən qida obyektlərinin yüksək riskli qida və yem məhsullarına məhdudiyyət tətbiq edilə bilər

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Yeni Zelandiyanın İlkin Sənaye Nazirliyinin nümayəndələri arasında onlayn görüş olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı qurumun fəaliyyət istiqamətləri, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə, eyni zamanda, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar diqqətə çatdırılıb. Qeyd edilib ki, yanvarın 1-dən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə verilir. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi dövlətlərdə isə qiymətləndirmə aparılmaqla həyata keçirilir. Bu çərçivədə Yeni Zelandiyadan heyvan mənşəli məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilməsi üçün həmin məhsulların istehsal və emal olunduğu qida obyektləri AQTA tərəfindən təsdiq edilməlidir. Görüşdə həmin məsələ ilə bağlı müzakirələr aparılıb.
Yeni Zelandiyanın səlahiyyətli dövlət qurumunun nümayəndələrinin nəzərinə çatdırılıb ki, həmin ölkədə fəaliyyət göstərən qida obyektləri Agentlik tərəfindən təsdiq edilmədiyi halda, yüksək riskli qida və yem məhsullarının idxalına 2023-cü il avqustun 1-dən etibarən məhdudiyyət tətbiq olunacaq. Əlavə olaraq, AQTA-nın müvafiq qərarı barədə Yeni Zelandiyanın səlahiyyətli qurumuna rəsmi məktub ünvanlanıb.
Agentlik ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti dəfə xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq.

Sosial 2023-07-10 12:12:00