×
A
A
A
Sazlamalar

Aktiv kommersiya qurumlarının sayı 13,5 faiz artıb

Bakı, 8 iyul, AZƏRTAC

Cari ilin iyulun 1-nə respublika üzrə uçotda olan 1 milyon 460 min 991 vergiödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 7,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,8 faiz, hüquqi şəxslərin sayı isə 9,4 faiz artıb. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 168 min 653 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 10,1 faiz, aktiv kommersiya qurumlarının sayında isə 13,5 faiz artım qeydə alınıb.
Həmin dövr ərzində dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32 min 726 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz artım deməkdir.

Maliyyə 2023-07-08 10:45:00