×
A
A
A
Sazlamalar

Azərbaycan din və media arasında sağlam, konstruktiv münasibətlərin olduğu nadir ölkələrdəndir

Bakı, 7 iyul, AZƏRTAC

Müasir dövrdə insanların dini inanclarına hörmətlə yanaşmaq, müxtəlif dinlərdən olan insanları dini mənsubiyyətlərinə görə fərqləndirməmək vətəndaş cəmiyyətinin, hüquqi dövlətin əsas əlamətlərindən biridir. Ümumilikdə, əsas insan hüquq və azadlıqlarından sayılan etiqad azadlığı bəşəriyyətin demokratik inkişafının mühüm nailiyyətlərindən biri hesab olunur, həmçinin onların təmin olunması demokratik cəmiyyətlərin və dövlətlərin ümumi inkişafının təməl prinsiplərindən sayılır.
Dünyada din mənəvi istinad nöqtəsi olmaqla yanaşı, mədəniyyətlərarası münasibətlər, qloballaşma və təhlükəsizlik baxımından da strateji əhəmiyyətə malikdir. Xüsusilə XX əsrin sonlarından etibarən beynəlxalq aləmdə din güclü ideoloji təsirə malik olan amilə çevrildi. Bir çox ölkələrdə ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi, sabitliyin pozulması, siyasi proseslərin məcralara yönləndirilməsi məqsədilə dindən ideoloji vasitə kimi istifadə edilməsi tendensiyası formalaşdı. Dini cəhətdən həssas kütlələrin istismarı, eləcə də onlara radikal və ekstremist fikirlərin təlqini nəticəsində dünya birliyi dini təhlükəsizlik fenomeni ilə üz-üzə qaldı. Hazırda əksər ölkələrin milli təhlükəsizliyinin təmin olunmasına birbaşa təsir edən dini təhlükəsizlik məsələsi günümüzün ən aktual problemlərindən biridir.
Qloballaşma prosesi bir çox baxımdan dinlərin yayılaraq, daha çox insana təsir etmək və sosial münasibətlər yaratmaq məqsədləri üçün geniş imkanlar yaradır. Qloballaşmanı sürətləndirən digər amil olan kütləvi kommunikasiya texnologiyalarının inkişafı müxtəlif toplumlarda dini canlanmanın hərəkətverici qüvvəsinə çevrilir. Belə ki, dünya dinləri və ya müxtəlif dini cərəyanlar kütləvi kommunikasiya texnologiyalarının imkanlarından – televiziya-radio yayınlarından, rəqəmsal və sosial media vasitələrindən geniş istifadə edərək, bütün dünyaya yayılmağa, qloballaşmağa can atırlar. Hazırda qloballaşmanın həyati gerçəkliyə çevrildiyi, inteqrasiyanın geniş vüsət aldığı, eyni zamanda, böyük miqyasda miqrasiyanın baş verdiyi dövrdə yaşayırıq. Nə qədər qəribə də olsa, zaman keçdikcə sürətlənən və insanları, xalqları bir-birinə yaxınlaşdıran qloballaşma prosesi, sanki onlar arasında etiqad fərqliliyindən qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirir. Dünyada cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslərin dinamik inkişafı fonunda ictimai-siyasi həyatda din amili, dini təhlükəsizlik problemləri daha da aktuallaşır.
Mübaliğəsiz demək olar ki, Azərbaycan din və media arasında sağlam, konstruktiv münasibətlərin olduğu nadir ölkələrdəndir. Həqiqət bundan ibarətdir və bu, vacib reallıqdır. Din mənəviyyatın bel sütunudur, milli ideologiyanın tərkib hissəsidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri modeli cəmiyyətin sağlam inkişafı, milli-mənəvi dəyərlərin qorunması, insanların dini etiqadına olan hörmət və ehtiram baxımından əvəzolunmaz xarakter daşıyır. İstər qanunvericilik müstəvisində təsbit edilən din və vicdan azadlığı, istərsə də dövlətin siyasi xəttində din və dindarlara olan qayğıkeş münasibət ölkəmizin dinamik inkişafına, milli birlik və həmrəyliyə böyük töhfə verməkdədir. Təsadüfi deyil ki, ölkəmiz dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, tolerantlıq və multikulturalizm mövzusunda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu tərəfindən bu istiqamətlərdə həyata keçirilmiş bir çox ölkədaxili və ölkəxarici tədbirlər yüksək qiymətə layiqdir.
Azərbaycanda dini etiqad azadlığı təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı ehtiram şəraitində fəaliyyət göstərirlər. Azərbaycan güclü dövlətdir, özünün təhlükəsizliyini, dövləti mənafeyini və milli maraqlarını ən yüksək səviyyədə qorumaq iqtidarındadır. Eyni zamanda, din mövzusunda media nümayəndələrinin məlumatlandırılması məsələsini də diqqətdən kənarda saxlamaq olmaz. Media xüsusilə müasir dövrdə cəmiyyətin ən vacib institutlarından biri statusunu qazanıb. Hər bir ölkədə və bütövlükdə dünyada baş verən hadisələr cəmiyyətə məhz media tərəfindən və ya onun vasitəsilə təqdim edilir, interpretasiya olunur. Bütün bu məqamlar mətbuatın gücünü, təsir vasitələrini dəyərləndirmək məsələsini günbəgün aktuallaşdırır və daha da əhəmiyyətli müstəviyə çıxarır.
Dinin düzgün şəkildə təbliği və insanlara çatdırılması mühüm önəm kəsb edən məqamlardandır. Bunun vaciblik dərəcəsini Yaxın Şərq ölkələrində davam edən faciəvi proseslər aydın şəkildə göstərdi. Dinin siyasiləşdirilməsi dövlətlərin siyasi dayanıqlılığına da dəlalət etmək gücündə olan amildir. Bu sahədə mətbuatın üzərinə böyük vəzifə, məsuliyyətli iş düşür. Dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar hazırlayarkən dindən sui-istifadəyə, dini siyasiləşdirməyə cəhd kimi fəsadlı yanaşmalardan uzaq olmalı, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə reallıqlarını nəzərə almalı, dinlə bağlı mövzulara xüsusilə diqqətli və həssas yanaşmalıdırlar. Məzhəbçiliyin güclənməsi, eləcə də xurafat meyillərinin çoxalması, dini təhsilin dünyəvi təhsilə qarşı qoyulması, qız uşaqlarının məktəbdən uzaqlaşdırılması, radikal, ekstremist fikirlərin yayılması, son nəticədə, xalqların milli varlıq və dövlətçilik ənənələrinin məhvinə qədər aparıb çıxara bilər.

Ümumiyyətlə, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də əsaslı dəyişikliklərin baş verməsinə, yeni imkanların yaranmasına səbəb olub. KİV-in ənənəvi formaları olan radio, televiziya və çap jurnalistikası yeni keyfiyyət mərhələsinə qədəm qoyub, eyni zamanda, virtual mühitə xas olan media vasitələri meydana gəlib. Jurnalistika da yeni texnologiya və vasitələrlə zənginləşib, yeni anlayışlar meydana çıxıb. Bu anlayışlardan biri də “sosial media”dır. Sosial media – insanlar arasında virtual internet alətləri vasitəsilə ünsiyyət yaratmaq və məlumatları paylaşmaq deməkdir. Sosial media veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Din və dinlə bağlı istənilən informasiya insanların həssaslıqla yanaşdıqları və bir çox hallarda fanatikcəsinə qarşılıq verdikləri məqamlardan biridir. Son dövrlər internetin fəaliyyəti müxtəlif sosial şəbəkə platformaları ilə daha da əlçatan, praktik və effektli olub. Artıq bu platformalarda dinlə bağlı informasiyalar ənənəvi KİV-dən fərqli olaraq geniş auditoriyaya daha sürətli yayılır.
Son illər ölkəmizdə də mobil telefon və internet istifadəçilərinin sayının ən yüksək həddə çatdığını desək, yəqin ki, yanılmarıq. Bu gün Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir və sosial şəbəkə istifadəçilərinin də sayı 3 milyonu keçib. İlk baxışda günü-gündən inkişaf edən, dünyaya inteqrasiya yolunu tutan dünyəvi dövlət olan Azərbaycan üçün bu, normal göstərici hesab oluna bilər. Bu göstəriciləri ölkəmizdə internet azadlığının təmin edilməsi kimi də qiymətləndirmək mümkündür. Lakin sosial medianın müasir dövrdə zərərli dini cərəyan və ideologiyaların təbliğində önəmli vasitəyə çevrilməsi danılmaz faktdır. Yaddan çıxarmaq olmaz ki, internetin və sosial şəbəkələrin verdiyi imkan və azadlıqlardan sui-istifadə halları da günbəgün artır və bizə qarşı heç də dost kimi davranmayan bir sıra qüvvələr də, həmin şəbəkələrin verdiyi imkanlardan yararlanaraq ölkəmizə qarşı fəaliyyətlərini genişləndirməyə cəhd edirlər. Dini radikallar və ekstremistlər texnologiyanın son nailiyyətlərindən, xüsusən də elektron mediadan və sosial şəbəkələrdən öz çirkin əməlləri üçün geniş istifadə edirlər. Zərərli ideologiyaların media və sosial şəbəkələrə sürətlə sirayət edir. Nizamlı şəkildə tərtib olunan ideologiya geniş auditoriyaya, xüsusilə internet və sosial şəbəkələrin ən fəal istifadəçi təbəqəsi olan yeniyetmələrə, gənclərə kifayət qədər ciddi təsir göstərir. Faktlar sübut edir ki, radikal dini hərəkatların, onlara simpatiya bəsləyən əhalinin müəyyən qrup və təbəqələri öz fəaliyyətlərini bu və ya digər dərəcədə ideoloji fikir ayrılığı ilə əsaslandırmağa çalışırlar. Belə ki, sürətli rabitə vasitəsi olan bu sahənin insanlara həm fiziki, həm psixoloji, həm də mənəvi zərər yetirmək potensialı var və bu, gözümüzün önündə baş verir. Bu gün yalan informasiya yayan, din pərdəsi altında gizlənmiş, islamofob, İslamı tənqid etmək mövqeyindən çıxış edən qüvvələr çirkin əməlləri üçün sosial media imkanlarından çox effektli şəkildə istifadə, daha doğrusu, sui-istifadə edirlər. Sosial şəbəkələr ölkələrdə sabitliyi pozmaq istəyənlər üçün güclü təbliğat məkanıdır. Bu da sosial medianın gücünün dəyərləndirilməsi məsələsini aktuallaşdırır. Bu sahədə xeyli uğurlu addımlar atılsa da, təəssüf ki, hələ də qarşısı tam olaraq alınmayıb. Radikalizmlə, ekstremizmlə mübarizə mexanizmi mütəmadi olaraq təkmilləşdirilməli, cəmiyyətə sosial media vasitəsilə İslam dininin dəyərlərini çatdırmaq üçün aktivlik göstərilməlidir. Bu baxımdan din xadimləri sosial şəbəkələrdə fəal olmalıdırlar.

Cəmiyyət ictimai və dini təşkilatların, KİV-in yardımı ilə yayılan ekstremist ideyalara qarşı humanist ideyaları və tolerantlıq prinsiplərini, vətəndaş sülhünü və barışı təbliğ etməlidir. Hər bir ölkədə, o cümlədən Azərbaycanda dini təhlükəsizliyin tam təmin olunması gənc nəslin sağlam ideoloji əsaslarla yetişməsində böyük rol oynayır. Bu məsələdə müxtəlif dövlət qurumları ilə yanaşı, medianın da üzərinə məsuliyyət düşür. Cəmiyyətdə milli kimliyin formalaşmasında mətbuatın önəmli yeri var. İstər yazılı, istər elektron, istər sosial media dinin cəmiyyətə düzgün təqdim olunması işində mütəşəkkil və mütəhərrik şəkildə fəaliyyət göstərməli, özünün təşviqedici, maarifləndirici missiyasını daha operativ, daha səmərəli formada həyata keçirməlidir.
Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb, onların müdafiəsində dayanıb. Mətbuatımızın bünövrəsi sayılan “Əkinçi” qəzeti də milli dəyərlərə söykənib, özündən sonrakı nəşrlərə gözəl örnək olub. Unudulmamalıdır ki, böyük mütəfəkkir Həsən bəy Zərdabi ilk milli qəzetimizi yaradarkən məhz maarifçilik xəttini önə çəkmişdi. Milli mətbuatımız bu baxımdan möhkəm dayaqlar üzərində təşəkkül tapıb. Azərbaycanın keçdiyi yola nəzər salanda ötən illər ərzində yaşanan təbəddülatlar fonunda milli mətbuatımızın özündə güc tapıb inkişaf etməsi təqdirəlayiq haldır. İnsanların maariflənməyə həmişə ehtiyacı var, xüsusən qloballaşma dövründə milli mətbuatın ən ümdə vəzifələrindən biri xalqımızın milli-mənəvi, dini-əxlaqi dəyərlərini düzgün şəkildə təbliğ və təşviq etməkdir. Məlum olduğu kimi, sovet dövründə ateizm rejimi şəraitində panislamizmlə mübarizə gündəmdə olub. Bizim jurnalistlərimiz isə hər zaman İslam dinini yox, onun ətrafında formalaşdırılmış mövhumatı, xurafatı tənqid ediblər. Təqdir olunası haldır ki, hazırda ölkəmizdə İslam dini ilə media arasında konstruktiv qarşılıqlı münasibətlər sistemi formalaşıb.
Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Din 2023-07-07 15:22:00