×
A
A
A
Sazlamalar

Xətai rayonunda şəhid Sədi Musayevin adını daşıyan küçənin açılışı olub

Bakı, 7 iyul, AZƏRTAC

Xətai rayonunda Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Musayev Sədi Süleyman oğlunun adını daşıyan küçənin açılışı olub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində rayonun məsul şəxsləri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Musayev Sədi Süleyman oğlu 1978-ci il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 1985-1993-cü illərdə qəsəbədə S.Əsədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1996-2000-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun polkovnik-leytenantı Sədi Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sədi Musayev sentyabrın 28-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub.
Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni , “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi. 2 övladı yadigar qalıb. II Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

Sosial 2023-07-07 10:42:00