×
A
A
A
Sazlamalar

Səudiyyəli nazir: Neftin qiymətlərinin sabitləşməsi üçün bütün imkanlardan istifadə edəcəyik

Bakı, 6 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman çərşənbə günü keçirilən OPEC-in 8-ci Beynəlxalq seminarında bildirib ki, onun ölkəsi qlobal neft bazarını dəstəkləmək üçün “lazım olanı” edəcək. O əlavə edib ki, OPEC+ alyansının bir hissəsi olaraq, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft sahəsində əməkdaşlıq hələ də güclüdür.
AZƏRTAC “Əl Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, OPEC ölkələri və Rusiya daxil olmaqla, dünya xam neftinin təxminən 40 faizini istehsal edən müttəfiqlərindən ibarət OPEC+ alyansı bu ilin noyabr ayından neft hasilatını azaldır. Dünyanın ən böyük neft ixracatçıları olan Səudiyyə Ərəbistanı və Rusiya bazar ertəsi neft tədarükünün daha da azaldılmasını razılaşdırıblar. OPEC həm istehlakçıların, həm də istehsalçıların maraqlarına cavab vermək üçün balanslaşdırılmış neft bazarına sahib olmağa çalışdığını bildirib.
Bununla yanaşı, OPEC+ xaricində ən böyük neft istehsalçısı olan ABŞ dəfələrlə bu alyansı qlobal iqtisadiyyata kömək etmək üçün hasilatı artırmağa çağırıb və Moskvanın Ukraynaya müdaxiləsindən sonra Səudiyyə Ərəbistanının Rusiya ilə əməkdaşlığını tənqid edib. Lakin Ər-Riyad ABŞ-ın çağırışlarını rədd edib və şahzadə Əbdüləziz bin Salman çərşənbə günü bildirib ki, Rusiya və Səudiyyə Ərəbistanının bu həftə razılaşdırdığı yeni birgə neft hasilatının azaldılması qərarı skeptiklərin səhv yolda olduğunu bir daha sübut edib. O əlavə edib: “Rusiyadan olan həmkarlarımızın köməyi ilə bazar ertəsi gördüyümüz işlərin bir hissəsi də bu məsələdə Səudiyyə və Rusiya arasında baş verənlərə digər tərəflərin sərt yanaşmasını yumşaltmaq idi. Bizim hasilatın azaldılması müddətinin uzadılması ilə bağlı qərarımızın Rusiya tərəfindən də dəstəkləndiyini görmək çox gözəldir”.
Bazarların istehsalın son dəfə azaldılmasına səssiz reaksiyası ilə bağlı suala cavab verən Əbdüləziz bin Salman bütün tərəfləri səbirli olmağa çağırıb. O deyib: "Qiymətləri sabitləşdirmək üçün lazım olan bütün imkanlardan istifadə edəcəyik”.

Neft - qaz 2023-07-06 20:09:00