×
A
A
A
Sazlamalar

İƏT İsveçdə “Qurani-Kərim”in nüsxələrinin yandırılması ilə bağlı fövqəladə iclas keçirib

Bakı, 3 iyul, AZƏRTAC

Ciddədə 14-cü İslam Zirvə Toplantısının və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İcraiyyə Komitəsinin sədri Səudiyyə Ərəbistanı Krallığının dəvəti ilə təşkilatın İcraiyyə Komitəsi İsveçdə Müqəddəs “Qurani-Kərim”in nüsxələrinin yandırılması ilə bağlı fövqəladə açıq iclas keçirib.
AZƏRTAC İƏT-in Baş katibliyinə istinadla xəbər verir ki, təşkilata üzv ölkələrin nümayəndələrinin iştirak etdikləri iclasda aparılan müzakirələrdən sonra yekun Bəyannamə qəbul edilib.
Bəyannamədə qeyd olunub ki, İslam ölkələri İƏT və BMT Nizamnamələrində və digər beynəlxalq sənədlərdə, o cümlədən İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsində təsbit olunmuş prinsip və məqsədləri rəhbər tutaraq irqinə, cinsinə, dilinə və ya dininə görə ayrı-seçkilik olmadan hamı üçün insan hüquqlarına və əsas azadlıqlara riayət edilməsinə universal hörməti təşviq etmək məqsədilə və BMT Nizamnaməsi əsasında bütün dövlətlərin üzərinə götürdüyü öhdəlikləri təsdiq edərək hər bir ölkəni vicdan azadlığına riayət etməyə dəvət edirlər. İƏT, həmçinin BMT Baş Assambleyasının (UNGA) sivilizasiyalararası tolerantlığın, sülhün və dialoqun təşviqi üçün qlobal səylərə çağıran müxtəlif qətnamələrini xatırladaraq qeyd edir ki, dözümsüzlük və dini zəmində nifrət və zorakılığa təhrikin qarşısı qətiyyətlə alınmalıdır. Təsadüfi deyil ki, BMT Baş Assambleyasının 76/254 saylı qətnaməsi ilə hər il martın 15-i İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir.
Sənəddə, habelə dünyada nifrət, ayrı-seçkilik və zorakılıq hallarının artması ilə bağlı ciddi narahatlıq ifadə edilib, dini dözümsüzlük, mənfi stereotiplərin sayının çoxalması ilə sübuta yetirilən İslamofobiyanın dünyanın bir çox yerlərində artdığı diqqətə çatdırılıb. “Qurani-Kərim”in nüsxələrinin yandırılması da daxil olmaqla, ifrat sağçı ünsürlər İslam dini simvollarını təhqir edən təxribat aktları vasitəsilə dünyanın bir çox regionlarında irqçi hərəkatların və sağçı ekstremizmin canlanmasına rəvac verirlər. Bu kontekstdə audiovizual və ya elektron vasitələrdən, sosial mediadan istifadə etməklə ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhrik təşkil edən hər hansı nifrət təbliğatı gərginliyi daha da artırır. İƏT dünyada sülh və harmoniya naminə dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun, anlaşmanın və əməkdaşlığın təşviq edilməsinin vacibliyinin, habelə tolerantlıq və sülh dəyərlərinin yayılmasının nifrət ritorikası, fanatizm, ekstremizm, zorakılıq və zorakılıqla mübarizənin ən yaxşı yolu olduğunu bir daha təkrarlayır.
Bəyannamədə dünya dövlətlərinə bütün bu mənfi halların qarşısını almaq məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər etmək barədə İƏT-in müraciəti də yer alıb. Bununla yanaşı, BMT Baş katibinə dini rəmzlərin təhqir edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının gündəliyinə konkret məsələnin daxil edilməsi təklif olunub. İƏT-ə üzv ölkələr Avropa İttifaqından da “Qurani-Kərim”in nüsxələrinin təhqir edilməsinə qarşı sərt tədbirlər görülməsini tələb ediblər.
Sonda İƏT-in Baş katibinə təklif edilib ki, təşkilata üzv dövlətlərlə məsləhətləşmə şəraitində bu mühüm məsələnin İslam ölkələrinin dövlət başçıları səviyyəsində müzakirəsi təşkil olunsun.

Din 2023-07-03 16:44:00