×
A
A
A
Sazlamalar

İşğaldan azad edilmiş ərazilərdə vergi güzəştləri və sosial sığorta tətbiq ediləcək

Bakı, 25 iyun, AZƏRTAC

“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 10 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiq edilməsi qərara alınıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bununla bağlı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanuna edilmiş dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedənlərin biznes fəaliyyətinin stimullaşdırılması məqsədilə 2023-cü il yanvarın 1-dən 10 il müddətində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdə tutulur.
Lakin dövlət və neft-qaz sahəsində həmçinin, qeyri-dövlət sektorunda maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılarına subsidiyalaşdırılma şamil edilməyəcək. Sığortaedənin vəsaiti hesabına işçilər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilk 3 ildə 100 faizi, növbəti 3 il 80 faiz, 2029-2031-ci illərdə 60 faiz, son 2 il isə 40 faiz miqdarında subsidiyalaşdırılacaq.
Subsidiyalaşdırmadan fiziki şəxslər, o cümlədən sabit qəbz və fərqlənmə nişanı alan vergiödəyiciləri də yararlanacaqlar. Həmin şəxslərə 10 il müddətində özlərinə görə ödədikləri məcburi dövlət sosial sığorta haqlarının 100 faizi miqdarında vəsaitin subsidiyalaşdırılması nəzərdə tutulur.
Qeyd olunub ki, hazırda subsidiyaların geri qaytarılması prosesini özündə əks etdirən Nazirlər Kabinetinin müvafiq qərar layihəsi qaydalar hazırlanır. Subsidiya hesabatın təqdim edilmə dövrü bitdiyi tarixdən, habelə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” əldə etməklə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) fəaliyyət göstərən fiziki şəxslər üzrə rüb başa çatdıqdan sonra 30 gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.
Subsidiyanın qaytarılması üçün sahibkarlar ərizə ilə müraciət edə biləcəklər. Subsidiyanın verilməsi üçün sığortaedənlər aylıq sosial sığorta haqlarını ödəyib, hesabatları təqdim etdikdən sonra vergi orqanlarına müraciət edəcəklər. Ərizədə qeyd olunan məlumatlar yoxlandıqdan sonra subsidiya məbləğinin sığortaedənin müraciətində göstərilən bank hesablarına köçürülməsi nəzərdə tutulur.

Maliyyə 2023-06-25 17:14:00