×
A
A
A
Sazlamalar

Yeni qanun elektron ticarət dövriyyəsi sistemində rəqabətliliyi artıracaq

Bakı, 25 iyun, AZƏRTAC

Elektron pul dövriyyəsinin, beynəlxalq və ölkədaxili ödənişlərin həcminin artması ilə bu sahədə təhlükəsizlik problemlərinin həlli, o cümlədən qanunla müəyyən edilmiş qaydaların qəbul edilməsi zərurəti yaranıb. Əsas məsələ kimi təhlükəsizlik və etibarlılıq məsələsini qeyd etmək lazımdır. Ödəniş sistemlərinin təhlükəsizliyi ona olan etibarı daha da gücləndirir ki, bu da qanunla tənzimlənməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Hüseyn bildirib.
O qeyd edib ki, Milli Məclisin müzakirəsində olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsi bu baxımdan ölkədə elektron pul dövriyyəsinin daha təhlükəsiz və etibarlılıq səviyyəsinin yüksəlməsinə, həmçinin bir sıra yaranmış boşluqların tamamilə aradan qaldırılmasına xidmət edəcək.
Qanunun qəbulundan sonra elektron ticarət əməliyyatlarda banklarla yanaşı, xüsusi lisenziya almış şirkətlər də iştirak edəcək. Bu, həm də elektron ticarət dövriyyəsi sistemində rəqabətliliyi artıracaq. Sözsüz ki, inkişafın təməli rəqabətdir və elektron ticarət də dövrün artan tələblərinə uyğun olaraq daha geniş inkişaf edəcək. Hüquqi məsuliyyətin təminatı olan qanun layihəsi iştirakçıların hüquqlarının sərhədlərini konkret müəyyən edəcək və hər bir əməliyyat özlüyündə hüquqi bazaya malik olacaq. Qanun qüvvəyə mindikdən sonra elektron pul emissiyası üzrə banklar, poçt rabitəsinin milli operatoru və elektron təşkilatlar daha etibarlı işləyə biləcəklər.
“Qanunvericilikdə, həmçinin ödəniş təchizatçıları tərəfindən alınacaq komissiya haqqının ödənilməsi, geri qaytarılması qaydaları öz əksini tapmışdır. Gələcəkdə biznes subyektlərinin yeni fəaliyyətdən yararlanması nəticəsində elektron pul dövriyyəsinin çəkisi daha da artacaq. Bu da öz növbəsində, vergidən yayınmanın daha da aşağı səviyyəyə düşməsini şərtləndirəcək”, - deyə R.Hüseyn qeyd edib.

Maliyyə 2023-06-25 10:43:00