×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın tədavülə buraxdığı pul nişanları Milli Azərbaycan Tarix Muzeyində sərgilənəcək

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən tədavülə buraxılan kağız, metal, o cümlədən yubiley, xatirə və investisiya məqsədli pul nişanları ilk dəfə olaraq Milli Azərbaycan Tarix Muzeyinin yeni qurulacaq ekspozisiyasında sərgilənməsi məqsədilə Muzeyə təqdim edilib.
AMB-dan AZƏRTAC-a bildirilib ki, Muzeyə təqdim edilmiş kolleksiyada Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş yubiley pul nişanları silsiləsi xüsusi yerə malikdir. Eləcə də ölkəmizin tarixində ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ilinə həsr olunmuş Azərbaycan qızılı əsasında hazırlanmış investisiya məqsədli pul nişanları da Muzeydə sərgilənəcək.
Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş Böyük Zəfər tarixini əbədiləşdirmək məqsədilə Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış 500 manat nominallı banknot və “Zəfər” xatirə pul nişanları Milli Azərbaycan Tarix Muzeyinin ən dəyərli eksponatları arasında yer alacaq. Təqdim edilən pul nişanları arasında ölkəmizin görkəmli şəxsiyyətlərinə, əhəmiyyətli tarixi hadisələrinə, incəsənətinə, mədəniyyətinə həsr edilmiş qiymətli metallardan hazırlanmış pul nişanları da mövcuddur.
Yeni qurulan ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.

Maliyyə 2023-06-25 10:18:00