×
A
A
A
Sazlamalar

DVX: Vergi cinayətləri ilə mübarizə sahəsində “çəkindirmə” metodlarından istifadə edilməsinə başlanılıb

Bakı, 23 iyun, AZƏRTAC

Dayanıqlı iqtisadiyyatın təşviqi və davamlı inkişafın təmin olunması bu gün ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə müəyyən edilmiş hədəflərə çatmaq üçün biznesin inkişafını şərtləndirən digər amillərlə yanaşı, onun şəffaflığının təmin olunması, biznes mühitində qanuni fəaliyyətin təşkili, dövlət-biznes tərəfdaşlığının qurulması da xüsusi əhəmiyyətə malikdir.
Bu barədə AZƏRTAC-a Dövlət Vergi Xidmətindən (DVX) bildirilib.
Məlumata görə, dünya ölkələrində biznes mühitində vergidən yayınmanın qarşısının alınması, yayınma halları ilə mübarizənin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər sınaqdan keçirilir və mübarizə metodlarının daha səmərəli formalarının tətbiq dairəsi genişlənir. Vergidən yayınmanı minimallaşdırmaq üçün beynəlxalq təcrübədə istifadə edilən alətlərdən biri də vergi cinayətləri ilə mübarizə sahəsində "çəkindirmə" metodlarının ("naming and shaming") tətbiqidir. Bu sahədə tədbirlərin səmərəliliyinin artırılması İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) da diqqət mərkəzindədir. Artıq OECD "Vergi cinayətləri ilə mübarizə - 10 əsas beynəlxalq prinsip" adlı metodologiya xarakterli sənəd qəbul edib. Sənǝd vergi cinayətləri ilə mübarizə sisteminin təkmilləşdirilməsi üçün hüquqi çərçivədə uğurlu təcrübələrin müəyyənləşdirilməsini, müvafiq sahədə proseslərin izlənilməsini, dəstək mexanizmləri üçün təlim ehtiyaclarının ödənilməsini nəzərdə tutur.
Azərbaycanda vergi cinayətləri ilə mübarizənin effektivliyi artırılır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi nəzarətinin müxtəlif formaları tətbiq edilir və ölkəmizdə bu sahədə vəziyyəti daha da yaxşılaşdırmaq üçün proses daim təkmilləşdirilir. Qurum tərəfindən OECD-nin "Vergi cinayətləri ilə mübarizə - 10 əsas beynəlxalq prinsip" sənədinin milli təcrübədə tətbiqi imkanları araşdırılıb və vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması məqsədilə beynəlxalq təcrübədə istifadə olunan "çəkindirmə" metodlarından istifadə edilməsinə və bu çərçivədə vergi cinayəti törətmiş şəxslərin işləri barədə məlumatların açıqlanmasına başlanılıb.
Sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclərin uçotunun aparılması və gəlirlərin vergi orqanlarına düzgün bəyan edilməsi vergiödəyicilərinin vəzifəsidir. Bu öhdəliyin düzgün yerinə yetirilməsi isə bütün cəmiyyətin rifahı və iqtisadi artım deməkdir.

Maliyyə 2023-06-23 18:10:00