×
A
A
A
Sazlamalar

Yeni qanun layihəsi biznes modellərini dəyişdirəcək - ekspert şərhi

Bakı, 23 iyun, AZƏRTAC
Ödəniş sistemlərinin əsas üç funksiyası mövcuddur. Burada əsas məqsəd pul əməliyyatlarının sürətli, etibarlı və rahat icra edilməsidir. Ödəniş xidmətlərini həyata keçirən hüquqi şəxslər bu funksiyalarla işi icra etmək üçün müəyyən infrastruktura malik olmalıdırlar. Əsas 3 funksiyadan etibarlılıq məhz yeni qanunun qəbul edilməsi ilə təmin edilmiş olacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qiymətli kağızlar üzrə hüquq eksperti Pərvanə Qasımova bildirib.
O qeyd edib ki, Mərkəzi Bankın hazırladığı "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsi qanunvericilik baxımından boşluqları tam doldura biləcək. “Yeni qanun layihəsi fiziki şəxslərin ödəniş sistemləri ilə bağlı bir sıra suallarına da aydınlıq gətirəcək. Ödəniş sistemlərindən ən çox faydalanan fiziki şəxslərdir və onlar əmin olmalıdırlar ki, bu münasibətlər normativ hüquqi akt ilə tənzimlənir. Yeni qanun layihəsi biznes modellərini dəyişdirəcək, yeni modellərin ortaya çıxmasına zəmin yaradacaq.
“Bu istiqamətdə müxtəlif sahələrdən olan iştirakçılar - banklar, ödəniş agentləri və təchizatçıları, elektron pul xidmətləri daha funksional və etibarlı olaraq işləyə biləcəklər. Həmçinin ödəniş sistemlərinin operatoru, klirinq, ekvayrinq, ödəniş alətlərinin emissiyası, prosessinq xidmətlərinin və onlara nəzarətin hüquqi tənzimlənməsi mövcud olacaq. Bu qanunun qəbulundan sonra ödəniş sistemləri ilə məşğul olan hüquqi şəxslər artıq nəzarət orqanlarının tələblərinə cavab verməli olacaqlar. Elektron pul kisələri və digər yeni anlayışlar bütün dünyada qanunvericiliklə tənzimlənməyə başlayır. Elektron pul kisəsindən istifadə zamanı buradan siz ödənişləri bank hesabından istifadə etməyərək ani qaydada həyata keçirə bilərsiniz. Bəli, hazırda da ödəniş xidmətlərini həyata keçirən şirkətlər elektron pul kisəsini istifadəyə verib. Lakin, onların hüquqi bazasının olmaması geniş kütlə tərəfindən istifadə edilməsinə maneçilik törədirdi. Lakin biz maliyyə xidmətlərin əlçatanlığından danışırıqsa, mütləq ən yaxşı təcrübəyə əsasən fəaliyyət göstərən ödəniş sistemlərimiz olmalıdır”, - deyə P.Qasımova diqqətə çatdırıb.
Pərvanə Qasımova bildirib ki, qanunvericiliyə əsasən fəaliyyət göstərən ödəniş sistemləri B2C münasibətlərində də öz müsbət təsirlərini göstərəcəklər: “Elektron biznesin rahat və etibarlı ödəniş sisteminə qoşulması artıq onun baza ehtiyacıdır. Fikrimcə, yeni qanunda biz artıq bugünkü dövrə uyğun olan terminologiyanı görə biləcəyik. Həmçinin bu ölkəmizdə rəqəmsal hüququn, eləcə də “Fintech”in inkişafı üçün təkan olacaq. “Elektron pul” termini yeni dövriyyədə olan yeni anlayışlara aiddir və qanun layihəsində bu anlayışa tərif verilib. Artıq elektron pul emissiyasını emissiya edə bilən subyektlər müəyyən edilib və prosesi tənzimləyəm Mərkəzi Bank pul öhdəliklərinin müvafiq limitlərini müəyyənləşdirəcək: “Nəzərə alaq ki, elektron pul bir tərəfdən elektron pul ödəniş üsuludur, digər tərəfdən isə emitentin ənənəvi qaydada icra olunmalı pul öhdəliyidir. Mərkəzi Bankın müvafiq limitlərinin bu sahədə müəyyən olunması məhz istehlakçıların hüquqlarının qorunmasının təminatı kimi çıxış edəcək”.

Maliyyə 2023-06-23 10:48:00