×
A
A
A
Sazlamalar

Qeyri-neft-qaz sektorunun inkişafı vergi daxilolmalarının artımına səbəb olub

Bakı, 22 iyun, AZƏRTAC
Ötən illər ərzində iqtisadiyyatın bütün sahələrində stimullaşdırıcı mexanizmlərin tətbiqi şəraitində görülən işlər müsbət nəticələr verir. Bu sahələrdən biri olan qeyri-neft-qaz sektoru büdcə gəlirlərinin əsasını təşkil edən vergi daxilolmalarına necə təsir edir?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, dövriyyələrin şəffaflaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, gəlirlərin bəyanetmə səviyyəsinin yüksəlməsi, könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, eləcə də, vergi inzibatçılığında islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən artım templəri həm tədiyyə növləri üzrə, həm də qeyri-neft-qaz sektorunun əksər sektorlarında vergi daxilolmalarının artımına səbəb olub.
Cari ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft-qaz sektorunun əksər fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri bank və sığorta sektorunda (75,5 faiz), ticarət sahəsində (30,5 faiz), xidmət sektorunda (28,1 faiz) və tikinti sektorunda (17,6 faiz) qeydə alınıb. Qeyri-neft sektorunda cari ilin 5 ayında tədiyələr üzrə vergi daxilolmalarında yüksək artım templəri müşahidə olunub. ƏDV daxilolmalarında artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,6 faiz, aksiz üzrə 16,4 faiz, mənfəət vergisi üzrə 15 faiz, fiziki şəxslərin gəlir vergisi üzrə 14,1 faiz, torpaq vergisi üzrə 48,4 faiz, əmlak vergisi üzrə 41,5 faiz, yol vergisi üzrə 17,7 faiz, dövlət rüsumları üzrə 23,2 faiz təşkil edib.
İqtisadiyyatda şəffaflaşma proseslərinin davamlı olmasını təsdiq edən göstəricilərdən biri də ƏDV-yə cəlb olunan dövriyyələrdə, qeyri-neft-qaz sektorunun dövriyyələrində artım templərinin, habelə elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrin artım dinamikasının sürətlənməsi və bunun ümumi dövriyyədə xüsusi çəkisinin yüksəlməsidir.
Son 5 ildə həyata keçirilən islahatların nəticəsi olaraq qeydə alınan davamlı artım iqtisadiyyatımızın dayanıqlılığına, mürəkkəb iqtisadi şəraitdə dinamik göstəricilərin sabitliyinə və kənar təsirlərə qarşı davamlı olmasına imkan verir. İqtisadi artım şəffaf biznes fəaliyyətinin təmin olunduğu şəraitdə formalaşır. Bu tendensiyanın davamlı olması büdcə daxilolmalarının mütəmadi artması deməkdir. Bu isə cəmiyyətin rifahının, yüksək səviyyəli sosial xidmətlərin və firavan gələcəyin təminatıdır.

Maliyyə 2023-06-22 17:01:00