×
A
A
A
Sazlamalar

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər yüksək texnologiyalı xüsusi idman protezləri ilə təmin olunacaq

Bununla bağlı Danimarka şirkətinin nümayəndələri bir qrup müharibə veteranımızın iştirakı ilə qaçış protezlərini sınaqdan keçirib

 

Bakı, 22 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təmin olunması planlaşdırılır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar Danimarkanın “Levitate” şirkətinin Türkiyə və Azərbaycan üzrə təmsilçisi olan “Bionic Center Prosthetics Orthotics” tərəfindən bir qrup müharibə ilə əlaqədar əlilliyi olan şəxsin iştirakı ilə xüsusi idman protezlərinin sınağı keçirilib.
Sınaq işləri müsbət nəticələnib və müharibə veteranları həmin protezlərin idmanla məşğul olmaq üçün uyğun, etibarlı və rahat olduğunu bildiriblər.
Bundan əvvəlki mərhələdə 2020-ci ilin dekabr ayından bəri nazirlik tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 420 şəxs 438 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib. Elektron diz oynaqları ilə təchiz olunan yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir.
Xüsusi idman protezləri isə yüksək texnologiyalı protezlərə quraşdırılmaqla müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin qaçış və digər bir çox idman oyunlarında daha sərbəst və aktiv şəkildə, rahat hərəkətlər etməsinə şərait yaradacaq.
Gələn ildən aktiv həyat sürən amputantların mərhələli şəkildə idman protezləri ilə təminatı işlərinə başlanılması nəzərdə tutulur.

 

 

Sosial 2023-06-22 12:42:00