×
A
A
A
Sazlamalar

“Azərbaycanın dövlət-din modeli” mövzusunda konfrans

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də “Heydər Əliyev İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 22 illiyinə həsr olunmuş “Azərbaycanın dövlət-din modeli” mövzusunda konfrans keçirilib. Konfransda ölkədə fəaliyyət göstərən dini qurumların, icmaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 22 il bundan əvvəl, 2001-ci ilin iyun ayının 21-də Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə Sərəncam imzaladığını bildirib. DQİDK sədri vurğulayıb ki, Ümummilli Liderin əsasını qoyduğu dövlət-din siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Komitə sədri diqqətə çatdırıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin, zəngin tolerantlıq ənənələrimizin ölkədə və beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl fəaliyyəti dövlət komitəsinin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsinə əlverişli zəmin yaradır. Komitə sədri, həmçinin DQİDK-nın fəaliyyətinin genişləndirilməsi, işgüzar kollektivin formalaşması və ixtisaslı kadr potensialı ilə siyasətinin gücləndirilməsinin önəmi barədə danışıb. Qeyd edilib ki, din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, multikultural və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və sair istiqamətlərdə fəaliyyət göstərən DQİDK-də texniki heyət də daxil olmaqla 179 ştat vahidi mövcuddur. Əsasən gənclərdən ibarət olan DQİDK kollektivinin bu günə qədər 43 əməkdaşı dövlət başçısı tərəfindən medallarla təltif ediliblər.
Dövlət komitəsinin sədri işğaldan azad edilmiş ərazilərdə məscid tikintiləri və abidələrin bərpası işinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqətində olduğunu vurğulayıb. Mübariz Qurbanlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətindən bundan sonra da səylə çalışacaqlarını bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov DQİDK-nın həm 22 ildə keçdiyi yola, həm də bu günün reallıqları çərçivəsində üzərinə düşən vəzifələrə diqqət çəkib. Qurumun insan resursları sahəsində statistik məlumatlarını bölüşən sədr müavini komitənin iş yükü və səlahiyyətlərinin artırılması səbəbi ilə əməkdaş sayının artırılmasının zamanın tələbi olduğunu deyib. G.İsmayılov çıxışında dini qurumlarla işin qurulması, onların dövlət qeydiyyatına alınması, dinşünaslıq ekspertizasının aparılması, dini maarifləndirmə fəaliyyətinin təşkili, beynəlxalq münasibətlərin, eləcə də ictimaiyyətlə əlaqələrin inkişafı və digər sahələrlə yanaşı, DQİDK-nın tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun bu illər ərzində gördüyü işlərdən danışıb. Bildirib ki, müxtəlif qurumlarla cari il ərzində 172 maarifləndirmə tədbiri keçirilib ki, bunlardan 55-i hüquq-mühafizə orqanları ilə birgə təşkil edilmiş tədbirləri əhatə edib. G.İsmayılov, həmçinin İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması ilə bağlı müsahibənin statistikasını açıqlayıb. Onun sözlərinə görə, birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib. Müvəffəqiyyət qazananların 112-si müvafiq vəzifələrə təyinat alıb. Təşkil edilən ikinci müsahibə zamanı isə 254 müraciətdən 66-sı müsahibədən keçib və 55 nəfəri rəsmi din xadimi kimi fəaliyyətə başlayıb. Ötən müddət ərzində 181 din xadimi işindən uzaqlaşdırılıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmərxanım Cavadlı dövlət komitəsinin öhdəsinə düşən vəzifələri ötən 22 il ərzində yüksək səviyyədə həyata keçirdiyini bildirib. Dövlət Komitəsi və QMİ arasındakı uğurlu əməkdaşlıq əlaqələrinə diqqət çəkən Q.Cavadlı din xadimləri ilə dövlət arasında əlaqələndirici rol oynaması, habelə tolerant və multikultural dəyərlərin ölkə hüdudlarından kənarda təbliği baxımından Komitənin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.
Rəhbərlik etdiyi qurumla Dövlət Komitəsinin birgə əməkdaşlığına toxunan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov həyata keçirilən layihələrin önəmini qeyd edib. Tolerant, multikultural dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində bundan sonra da qarşılıqlı əlaqələrin uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev DQİDK kollektivinin ideoloji sahədə yüksək peşəkarlıqla çalışaraq ölkəmizdə formalaşan nümunəvi dövlət-din münasibətlərinin daha da inkişafında səy və bacarıqlarını əsirgəmədiklərini bildirib. Həmçinin DQİDK və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təmsil etdiyi quruma göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov DQİDK-nın fəaliyyətindən bəhs edərkən dövlət başçısının bu sahəyə xüsusi diqqətinin təzahürü olaraq dövlət komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının önəmini qeyd edib. Aİİ ilə Komitə arasındakı sıx kommunikativ fəaliyyətə də toxunan rektor bildirib ki, dini təhsil sahəsindəki boşluqların aradan qaldırılması, İnstitutun işinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin qurulması və inkişafı istiqamətlərində DQİDK-nın kollektivi dəstəyini əsirgəmir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov ölkə rəhbərliyinin din sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanıldığını nəzərə çatdıraraq bu sahənin inkişafına DQİDK-nın layiqli töhfələr verdiyini deyib.
Alban-udi xristian dini icmasının sədri Robert Mobili və Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli Dövlət Komitəsinin dini qurumların işinin dəstəklənməsi istiqamətindəki uğurlu fəaliyyətinə diqqət çəkərək, dini icmaları narahat edən məsələlərin dərindən öyrənilməsi, dini durumdakı neqativ halların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 22-ci ildönümünü ilə bağlı dövlət komitəsində qulluq keçən və xidmətdə fərqlənənlər fəxri fərmanla təltif olunublar.

Din 2023-06-21 19:10:00