×
A
A
A
Sazlamalar

Zoonoz xəstəliklərin yayılması yolları

Bakı, 20 iyun, AZƏRTAC
Heyvanlardan insanlara və insanlardan heyvanlara keçə bilən, həm insanlarda, həm də heyvanlarda müşahidə edilən yoluxucu xəstəliklər var. Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən həmin xəstəliklər zoonoz xəstəliklər adlandırılır. Hazırda insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60 faizdən çoxunun məhz zoonoz xəstəliklər olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin Qida təhlükəsizliyi və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri Qiyasəddin Cəlladov, Səbinə Məmmədova, Çiçək Süleymanova və Kəmalə Əliyevanın hazırladıqları elmi məqalədə bəhs olunur.
Etiologiyasından asılı olaraq bakteriya, virus, helmint, göbələk və ibtidai mənşəli zoonoz xəstəlik qrupları mövcuddur.
İnsanların zoonoz xəstəliklərə yoluxması xəstəlik törədicisinin mənşəyindən asılı olaraq müxtəlif yollarla baş verir. Bunlara kontakt yolu (xəstə heyvan və ya insanla birbaşa təmas), alimentar (qidalanma), aerogen (respirator), travmalar, dişləmə və ya sancmalar daxildir. Zoonoz xəstəliklərin insanlara yoluxmasında həşərat və gəmiricilər də böyük rol oynayır. Müasir ədəbiyyatlarda “qida mənşəli zoonoz xəstəliklər” ifadəsinə də tez-tez rast gəlinir. Həmin xəstəliklər adətən mikroorqanizmlərlə çirklənmiş qida məhsullarının insanlar tərəfindən istehlakı nəticəsində baş verir.
Avropa İttifaqı ölkələrində hər il 100 minlərlə insanın qida mənşəli zoonoz xəstəliklərə yoluxması qeydə alınır. Qida mənşəli zoonoz infeksiyalara Salmonella spp, E.coli, Shigella spp, Campylobacter spp, Listeria spp və digərlərini şamil etmək olar. Nəzərə almaq lazımdır ki, zoonoz infeksiyalar heyvan mənşəli qida məhsullarına qida zəncirinin heyvanların yetişdirilməsi, kəsim, emal və istehlak mərhələlərində sirayət edə bilər. Belə ki, heyvanların yetişdirilməsi dövründə yemlərin patogen mikroorqanizmlərlə çirklənməsi birbaşa olaraq heyvanların, dolayısı ilə insanların yoluxmasına gətirib çıxarır. Eləcə də helmintlərin və ya onların sürfələrinin heyvanların əzələ toxumasında və daxili orqanlarında lokalizasiya etməsi qida zəncirinin istehlak mərhələsində insanların yoluxmasına səbəb ola bilər.
Kəsim zamanı sanitar-gigiyenik tələblərə riayət olunmadığı təqdirdə, kəsim prosesində ət və ət məhsullarının mədə-bağırsaq möhtəviyyatı, dəri və s. ilə təmasının mikrobioloji çirklənməyə şərait yaratması mümkündür. Emal prosesində çirklənmiş səthlər və ya xəstə insanlar vasitəsilə (tüpürcək, burun axıntısı və s.) qida məhsullarının çirklənməsi baş verə bilər. İstehlak zamanı hazır qida məhsulu müvafiq temperatur rejimində saxlanmadığı və ya termiki emal edilmədiyi (yaxşı qızdırılmadığı) halda patogenlərlə çirklənmənin yaranması mümkündür.
Məqalədə bildirilir ki, dünyada, eləcə də ölkəmizdə heyvan və insan sağlamlığı üçün potensial risk mənbəyi olan zoonoz xəstəliklər böyük iqtisadi itkilərə səbəb olur. Odur ki, zoonoz xəstəliklərlə mübarizə məqsədilə ilk növbədə xəstəliyin mənbəyi və yayılma yolları müəyyən edilməli və bunun əsasında qabaqlayıcı zəruri tədbirlər həyata keçirilməlidir.

Sosial 2023-06-20 19:04:00