×
A
A
A
Sazlamalar

Asiya İnkişaf Bankı Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlıdır

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycanı təmsil edən icraçı direktor xanım Rachel Thompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi edilib, əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, o cümlədən bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr, Direktorlar Şurasında Azərbaycanın daha səmərəli şəkildə təmsilçiliyi barədə müzakirələr aparılıb.
Samir Şərifov ölkəmizin beynəlxalq maliyyə-iqtisadi qurumlarla, o cümlədən Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini, bankın ölkəmizə maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən, o cümlədən Böyük Qayıdış proqramından danışan nazir Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda icra edilən infrastruktur layihələrinin, həmçinin həmin ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun qurulmasının, dəmir yolu xətlərinin çəkilməsinin, ümumilikdə regionun tranzit mövqeyini daha da artıracağını bildirib.
Azərbaycana səfəri çərçivəsində müharibə və işğal dövründə ən çox zərər görən Ağdam şəhərində olduğunu və işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli bərpa və quruculuq işləri ilə yerində tanış olduğunu deyən xanım Rachel Thompson, bu səfərin onda yaratdığı böyük təəssüratla Bankın Direktorlar Şurasında Azərbaycanın mövqeyini daha aydın şəkildə təmsil edəcəyini vurğulayıb. O, AİB-in Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirib, birgə təşəbbüslərin və layihələrin ölkədə sürətli inkişafı dəstəkləyəcəyini qeyd edib.

Maliyyə 2023-06-20 16:33:00