×
A
A
A
Sazlamalar

AQTA qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinə növbəti dəfə xəbərdarlıq edib

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin məhsullarının respublikamızın gömrük ərazisinə idxal olunması üçün həmin müəssisələrin təsdiqi prosesini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a daxil olan məlumatda deyilir: “Təəssüflə qeyd edirik ki, hələ də qiymətləndirmə ilə bağlı agentliyə müraciət etməyən sahibkarlıq subyektləri var”.
Ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara son dəfə xəbərdarlıq edilərək bildirilir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən təsdiq edilməmiş xarici qida obyektlərindən məhsulların idxal olunmasına məhdudiyyət tətbiq olunacaq. Bununla da təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq. Bu sıraya mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsulları göstərmək olar.
AQTA bir daha qida məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək onları “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə ciddi şəkildə riayət etməyə çağırır. Sahibkarlar qanunvericiliyin tələbləri ilə agentliyin veb-saytı, həmçinin sosial media səhifələrindən tanış ola, sualları yarandığı təqdirdə “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.

Sosial 2023-06-20 14:39:00