×
A
A
A
Sazlamalar

AQTA: Reyestr qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması hallarına şamil edilmir

Bakı, 19 iyun, AZƏRTAC

Nazirlər Kabineti “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması Qaydası”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sənədə əsasən həmin Qayda “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq hazırlanıb və qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların istifadəçilər üçün açıq reyestrinin aparılması qaydasını müəyyən edir.
Reyestr qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması hallarına şamil edilmir. Reyestr insanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının qorunması üçün qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar barədə məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili, ötürülməsi və istifadəçilərin məlumatlandırılması məqsədilə aparılır. Reyestrdə olan məlumatlar istifadəçilər üçün açıqdır, ondan istifadə və məlumatların əldə edilməsi ödənişsizdir.
Reyestr Azərbaycan Respublikasının mülkiyyətidir və onun saxlanılması Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Reyestrin formalaşdırılmasına, aparılmasına və arxivləşdirilməsinə dair həmin Qayda ilə tənzimlənməyən digər məsələlər, o cümlədən Reyestrin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə digər dövlət informasiya ehtiyatlarına və sistemlərinə inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq tənzimlənir.
Reyestr qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar barədə məlumat toplusundan ibarət informasiya ehtiyatı, istifadəçi normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestrdən informasiya əldə edən və ya informasiyadan istifadə edən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslər, sahib normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestr üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə Reyestrin aparılmasını təmin edən Qida Təhlükəsizliyi Agentliyidir. Reyestrin sahibi, eyni zamanda, onun operatoru funksiyalarını həyata keçirir.
Reyestrə daxil edilən məlumatlar istinad üçün rəsmi mənbə hesab olunur. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında həyata keçirilir. Nəzərdə tutulmuş qida məhsullarının təhlükəli halları barədə məlumatlar elmi sübutlar və qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktlar əsasında sahib tərəfindən Reyestrə daxil edilir və daim yenilənir. Əldə edilən yeni məlumatlar (qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması halları istisna olmaqla) dərhal sahib tərəfindən Reyestrə daxil edilir. Qida Təhlükəsizliyi Agentliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Reyestrin “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Reyestrin və Reyestrdə saxlanılan məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görür. Reyestrin fəaliyyətinin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, habelə Reyestrdə yaranan nasazlıqların aradan qaldırılması məqsədilə Reyestrin sahibi təxirəsalınmaz tədbirlər görür. Reyestrin texniki parametrlərində istifadəçilər tərəfindən Reyestrin fəaliyyəti ilə bağlı sahibə təkliflər verilməsi imkanı nəzərdə tutulur.
Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya əldə etməyə dair sorğular “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq icra edilir. Reyestrdə müxtəlif meyarlar əsasında axtarış aparılması və məlumatların əldə edilməsi üçün qeydiyyatdan keçmək tələb olunmur. Reyestrə qeyri-qanuni daxilolma və ya müdaxilə həyata keçirildikdə sahib qeyd edilən əməllərə yol verən istifadəçinin informasiya sisteminə girişini məhdudlaşdırır.

Sosial 2023-06-19 18:07:00