×
A
A
A
Sazlamalar

Anar Bayramov: Şağan Reabilitasiya Pansionatında müalicə alan xəstələr üçün hər cür şərait yaradılıb

Bakı, 17 iyun, AZƏRTAC

Şağan Reabilitasiya Pansionatında xidmət alan əlilliyi olan şəxslərin reabilitasiyasında müasir metodika, ən qabaqcıl texnologiyalar istifadə olunur. Müasir avadanlıqlarla təmin edilmiş müəssisədə reabilitasiyanın biopsixososial modelinə uyğun olaraq ambulator, stasionar, səyyar və telereabilitasiya formasında xidmətlər göstərilir. Müəssisəyə qəbul zamanı əlilliyi olan şəxslərin multidissiplinar komanda tərəfindən ilkin qiymətləndirilməsi aparılır, laborator, ultrasəs və exokardioqrafiya müayinələri həyata keçirilir. Həkim və psixoloqlar tərəfindən əlilliyi olan şəxslərin funksional vəziyyəti müəyyənləşdirildikdən sonra fərdi reabilitasiya planı tərtib edilir.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Şağan Reabilitasiya Pansionatının 20 illiyi ilə əlaqədar keçirilən tədbirdə deyib.
Sədr qeyd edib ki, Şağan Reabilitasiya Pansionatı Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə 2003-cü ildə istifadəyə verilib. Prezident İlham Əliyevin iştirakı ilə 2021-ci il fevralında əsaslı təmirdən və yenidənqurma işlərindən sonra yenidən əlilliyi olan şəxslərin istifadəsinə verilən bu pansionat ölkənin ən böyük reabilitasiya müəssisəsidir. 250 çarpayılıq müəssisədə əlilliyi olan şəxslərin özlərini rahat hiss etməsi üçün hər bir şərait yaradılıb.
O, daha sonra deyib ki, Abşeronun iqliminə xas olan klimoterapiya pansionatın əsas özəlliklərindən biridir. Burada iqlimə uyğun müalicə imkanları ilə yanaşı fizioterapiyanın bütün sahələri əhatə olunub. Müəssisə əlilliyi olan şəxslərin tibbi və psixososial reabilitasiyasını həyata keçirir. Tibbi reabilitasiya fizioterapiya, müalicəvi bədən tərbiyəsi, robotik terapiya, hidroterapiya, masaj və sair xidmətləri əhatə edir. Burada psixoloji diaqnostika, psixoloji korreksiya, loqoped qəbulu, əmək terapiya həyata keçirilir. Şağan Reabilitasiya Pansionatında sinir sistemi xəstəlikləri - insult, serebral iflic, miodistrofiya və sair əlilliyi olan şəxslərə ixtisaslaşdırılmış nevroloji reabilitasiya xidmətləri göstərilir. Reabilitasiyada Milli Sağlamlıq və Qulluq Mükəmməlliyi İnstitutu, Amerika İnsult Assosiasiyası, Amerika Neyroreabilitasiya Cəmiyyətinin beynəlxalq protokollarından istifadə edilir. Həmin protokollara uyğun olaraq, şəxslərin qiymətləndirilməsi üçün tibbi və psixoloji funksionallığın qiymətləndirilməsi üçün beynəlxalq şkalalar, məsələn funksional müstəqillik şkalası və Morze yıxılma şkalaları tətbiq edilir.
A.Bayramov pansionatda elektron informasiya sisteminin istifadəyə verildiyini bildirib: “Bunun üstünlükləri çarpayı fondundan optimal istifadə, göstərilən xidmətlərin keyfiyyətinə nəzarət, real vaxt rejimində görülən işlərə dair hesabatların qəbulu, çarpayıların doldurulması, mərkəzdə xəstələrin sayıdır. Postmüharibə dövründə sosial dəstək tədbirlərindən biri kimi, Şağan Reabilitasiya Pansionatında şəhid ailəsi üzvləri və müharibə iştirakçılarına, o cümlədən yaralanmış hərbçilərə, onların yaxınlarına, şəhid və yaralı hərbçilərin uşaqlarına sosial-psixoloji xidmətlər göstərilir. Ümumilikdə isə Şağan Reabilitasiya Pansionatında ötən il ərzində təxminən 250 Vətən müharibəsi iştirakçısına, ümumilikdə isə 7200-dən çox əlilliyi olan şəxsə ambulator və stasionar reabilitasiya xidmətləri göstərilib. Cari ildə isə artıq 3400-dən çox əlilliyi olan şəxs Şağan Reabilitasiya Pansionatının reabilitasiya imkanlarından istifadə edib”.

Sosial 2023-06-17 18:53:00