×
A
A
A
Sazlamalar

Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılan Şağan Reabilitasiya Pansionatının 20 ili tamam olur

Ölkəmizin ən böyük reabilitasiya müəssisəsi olan 250 çarpayılıq pansionatda son bir ildə 7200-dən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib

Bakı, 17 iyun, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin tapşırığı əsasında yaradılan Şağan Reabilitasiya Pansionatının 20 illiyi ilə əlaqədar həmin Pansionatda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatı, şəhid ailələri üzvləri, müharibə veteranları və əlilliyi olan şəxslər iştirak ediblər. Əvvəlcə reabilitasiya mərkəzlərində reabilitasiya kursu keçən, habelə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb. Şağan Reabilitasiya Pansionatının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin sosial inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, 2003-cü ilin mayında istifadəyə verilən, ölkəmizdə ən böyük reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatı da Ulu Öndərin tapşırığı ilə yaradılıb və onun əlilliyi olan şəxslərin reabilitasiyasına xüsusi qayğısının bir təzahürüdür.
Əlilliyi olan şəxslərə göstərilən bu böyük diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlət başçısının tapşırığına əsasən son beş ildə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Həmçinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb, yaxın aylarda Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. Prezident İlham Əliyevin iştirakı ilə 2021-ci il fevralın 25-də isə Şağan Reabilitasiya Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.
Yaradılan müasir reabilitasiya sistemi tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında da mühüm önəm kəsb edir. 250 çarpayılıq Şağan Reabilitasiya Pansionatında son bir ildə 7200-dən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib ki, onların bir hissəsi müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Digər çıxış edənlər həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə xüsusi qayğı göstərilməsi ilə bağlı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan tədbirlərin ildən-ilə genişləndiyini vurğulayıblar. Ölkədə aparılan uğurlu sosial siyasətin əlilliyi olan şəxslərin də sosial müdafiəsi və reabilitasiyası sahəsində mühüm nailiyyətlərin əldə olunmasına imkan verdiyini bildiriblər.
Pansionatın yubileyi və 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar müəssisənin əməkdaşlarına, habelə Pansionatda mədəni-kütləvi tədbirlərin təşkilinə dəstək olan qurumlara Təşəkkürnamələr təqdim olunub.
Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının da iştirak etdiyi ədəbi-musiqili kompozisiya ilə davam edib.

 

 

 

 

Sosial 2023-06-17 14:55:00