×
A
A
A
Sazlamalar

Birləşmiş Ərəb Əmirliklərinin kabinet işləri naziri: Azərbaycanın çox uzaqgörən rəhbəri var

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri Hökumət İnnovasiyası və Rəqabətlilik Forumunun, Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri arasında müzakirələrin keçirilməsində məqsədimiz yüksək nəticə və vədverici gələcəyə nail olmaq, yeni nəsil texnologiyaya əsaslanan xidmətlərin inkişafına birgə töhfə verməkdir. Azərbaycanın “ASAN xidmət” modelinin təcrübələrini biz də öyrənir və səmərəli şəkildə istifadə edirik. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərində vətəndaşlara xidmət və innovasiyalar üzrə yüksəksəviyyəli ekspertlər var və onlar Azərbaycanla əməkdaşlığa töhfə verməyə hazırdırlar.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin kabinet işləri naziri Məhəmməd Əl Qərqavi jurnalistlərə müsahibəsində deyib.
Məhəmməd Əl Qərqavi Prezident İlham Əliyevin bu məsələlərə çox diqqət yetirdiyini, hərtərəfli maraqlandığını və dəfələrlə görüşlər zamanı müxtəlif suallar verdiyini bildirərək fikirlərinə belə davam edib: “Bu da Prezident İlham Əliyevin xalqın rifahının təmin edilməsini diqqətdə saxladığının göstəricisidir. Bizim ölkəmizdə də eyni siyasət aparılır. Son olaraq qeyd etmək istərdim ki, sizin çox uzaqgörən rəhbəriniz, çox gözəl ölkəniz və fəxr ediləsi respublikanız var. Ölkəniz və onun rəhbərliyi bütün dünyada nümunə kimi göstərilir”.

Sosial 2023-06-14 18:49:00