×
A
A
A
Sazlamalar

İrandan idxal edilən ərik qurusunun istehlak üçün yararsız olduğu aşkarlanıb

Bakı, 14 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində “Sodaz” Məhdud Məsuliyyətli Cəmiyyətinin İran İslam Respublikasından ölkəmizə idxal etdiyi 1060 kiloqram ərik qurusu məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Aparılan sınaq nəticəsinə əsasən ərik qurusunda kükürd dioksidinin miqdarının normadan artıq olduğu və məhsulun qida sahəsində normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən edilib.
Qanunvericiliyə uyğun olaraq, aşkarlanan istehlak üçün yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Həmçinin aşkarlanan ərik qurusunun istehsal edildiyi müəssisənin məhsullarının ölkəmizə gətirilməsinə müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

Sosial 2023-06-14 17:28:00