×
A
A
A
Sazlamalar

Xətai rayonunda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb

Bakı, 14 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda M.Hadi küçəsi, ev 376 ünvanında fəaliyyət göstərən “Yakudza” MMC-yə məxsus “Yakudza” restoranında aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Müəssisədə havalandırma sistemlərinin və həşəratlara qarşı qoruyucu torların quraşdırılmadığı, xammal və inqrediyentlərin xarabolma və çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl olunmadığı, sanitar qovşağın mətbəxdə yerləşdiyi və qapısının birbaşa emal sahəsinə açıldığı müəyyən edilib. Bundan başqa müəssisədə müştərilərə təqdim olunması üçün nəzərdə tutulan, birdəfəlik istifadə üçün qablaşdırılmış məhsulların üzərində etiket məlumatlarının göstərilmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, döşəmə, divar və tavanın asan yuyulub-təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi və digər nöqsanlar aşkar olunub.
Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, həmçinin müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Sosial 2023-06-14 14:09:00