×
A
A
A
Sazlamalar

Ceyhun Salmanov: "ASAN xidmət" Azərbaycanda rəqəmsallaşmanın başlanğıcıdır

Bakı, 14 iyun, AZƏRTAC
"ASAN xidmət" yaradılmazdan əvvəl, yəni 2012-ci ildə bütün xidmətlər müxtəlif dövlət qurumları tərəfindən göstərilirdi. Vətəndaşlar bir xidməti tam almaq üçün bir neçə nazirliyə müraciət etməli olurdu. Bu isə vaxt və pul itkisi demək idi. "ASAN xidmət" yaradıldıqdan sonra xidmətlər bir pəncərədən təqdim olunmağa başladı. Demək olar ki, "ASAN xidmət" Azərbaycanda rəqəmsallaşmanın başlanğıcıdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri dövlət xidmətləri mövzusunda beynəlxalq forumun "Xidmətlərin gələcəyi" panelində deyib.
“"ASAN xidmət” xidmətlər arasında bağlantı rolunu oynayan bir laboratoriya idi. Müxtəlif təşkilatların rəhbərləri xidmətlərin göstərilməsini sadələşdirmək üçün işçi qrup yaratdılar. Prezident İlham Əliyev 2018-ci ildə xidmətlərin rəqəmsallaşmasına dair Sərəncam imzaladı. Bu, bizim üçün məsuliyyət idi. Həmin ildən etibarən rəqəmsal xidmətləri də yaratdıq və elektron hökumət portalının operatoru kimi çıxış etdik. Əminliklə deyə bilərik ki, "ASAN xidmət" modeli kifayət qədər yaxşı rəqəmsallaşma səviyyəsinə əsaslanır. Bu cür xidmətlər gələcəkdə rəqəmsallaşmanın yaxşı başlanğıcından xəbər verir", - deyə C.Salmanov bildirib.

Sosial 2023-06-14 12:38:00