×
A
A
A
Sazlamalar

Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri Hökumət İnnovasiyası və Rəqabətlilik Forumu keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökumət İnnovasiyası və Rəqabətlilik Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Birləşmiş Ərəb Əmirliklərinin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş forumun mövzusu “Yeni idarəetmə erasının başlanğıcı: dövlət xidməti, rəqabətlilik və davamlı inkişaf üzrə əlaqələrin tədqiq edilməsi” olub.
2022-ci il noyabrın 28-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun icrası çərçivəsində gerçəkləşən forumda yerli qurumların, özəl şirkətlərin və ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin 200-dən çox nümayəndəsi iştirak edib.
Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, müasir innovasiya və texnologiyaların dövlət idarəetməsində tətbiqi çox vacib amildir: “Azərbaycan bu sahədə də vaxtında addım atıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə “ASAN xidmət”in yaradılması, bir qurumda xidmət və innovasiyaların bir yerdə təqdim olunması strateji baxışı göstərir. “ASAN xidmət”in timsalında Azərbaycanda dövlət idarəetməsində ciddi institusional islahatın əsası qoyuldu. On il ərzində təcrübə bunun çox uğurlu bir addım olduğunu göstərdi. “ASAN xidmət” öz unikal konsepsiyası ilə BMT tərəfindən iki dəfə xüsusi mükafata layiq görülüb. Ən son mötəbər mükafat isə Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitində təqdim edildi. Dövlət xidmətləri üzrə dünyada ən yaxşı konsepsiya olaraq qiymətləndirildik və 80 ölkə arasından seçildik”.
Dördüncü sənaye inqilabının qarşımızda yeni çağırış və risklər qoyduğunu deyən agentliyin sədri həmin çağırışların düzgün təhlil edilməsi üçün yeni formulların irəli sürməsinin vacibliyini diqqətə çatdırıb.
“Yeni dövr datalizm dövrü adlandırılır. Datanın, yəni informasiyanın təhlili, onun idarə edilməsi və data əsaslı mexanizmin inkişaf etdirilməsi dövlətlər üçün çox vacibdir. Data əsaslı idarəetmə çevikliyi, operativliyi təmin edir, eyni zamanda, səhvetmə risklərini kifayət qədər azaldır. Bu da dövlətin gücü deməkdir. Həmin istiqamətdə uğurlu təcrübələrin araşdırılması, öyrənilməsi və bölüşülməsi ölkələrimiz arasında inkişafa təkan verəcək. BƏƏ bu istiqamətdə örnək modellər təqdim edib. Biz qarşılıqlı təcrübə mübadiləsində maraqlıyıq”, - deyə Ü.Mehdiyev çıxışına yekun vurub.
BƏƏ-nin kabinet işləri naziri Məhəmməd Əl Qərqavi öz çıxışında sürətlə dəyişən dünyada qeyri-mümkün hesab edilən hər şeyin reallığa çevrildiyini, süni intellektin qlobal iqtisadiyyata töhfəsinin 2030-cu ilə qədərə 15 trilyon ABŞ dollarına çatacağının proqnozlaşdırıldığını bildirib: “Hər gün əldə edilən inkişaf nəhəng sıçrayışlara səbəb olur. Biz texnoloji inkişafın növbəti mərhələsindəyik. Qarşımızda isə bir çox suallar yaranır. Gələcəyə necə hazırlaşa bilərik? Bütün bunların kölgəsində insanlığın taleyi necə olacaq? Hökumətlər gündəlik işlərində innovasiya, rəqabət və davamlılıq üzrə nələr etməlidirlər? Hökumətlər innovasiyaya mane olmaqdansa, onu təşviq edən tərəf olmalıdırlar. İnkişafları izləmək və gələcəyə hədəflənmək lazımdır. Azərbaycanda insanlara xidmət üçün gözəl yenilik nümunəsi var. Təsadüfi deyil ki, “ASAN xidmət” dünyanın ən yaxşı dövlət xidməti mükafatını qazanıb”.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, ötən il ölkələr arasında ticarət dövriyyəsi iki dəfə artaraq 103 milyon dollar təşkil edib. “Bu il də həmin istiqamətdə müsbət dinamika müşahidə olunur. İlk dörd ayın nəticələrinə görə, ölkələr arasında ticarət dövriyyəsi 34 faizdən çox artıb. Ölkəmizdə BƏƏ şirkətləri uğurla fəaliyyət göstərir. Həmin ölkənin 368 şirkəti Azərbaycanda qeydiyyatdan keçib. BƏƏ tərəfindən Azərbaycana yatırılan investisiyaların həcmi 2,8 milyard dollardır. Azərbaycanın BƏƏ iqtisadiyyatına qoyduğu investisiyaların həcmi isə yarım milyard dollardan bir qədər artıqdır. Biz texnologiya və rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndiririk. Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsində maraqlıdır. Dördüncü sənaye inqilabının standartlarına uyğun rəqəmsal iqtisadiyyat və texnologiyaların inkişafı üçün zəruri infrastrukturun yaradılması üzərində işləyirik. Məlum olduğu kimi, ölkəmizin 2030-cu il strategiyasında beş mühüm hədəf müəyyənləşib. Həmin hədəflərdən biri işğaldan azad edilən ərazilərə Böyük Qayıdışdır. Həmin ərazilər bizim üçün yaşıl enerji zonası elan olunub. Prioritetlərimizdən biri innovativ iqtisadiyyatdır. Bu baxımdan həmin ərazilər dost ölkələrin şirkətləri üçün bir platformadır. Orada ən müasir texnologiya və innovasiyalarla bağlı birgə işləməyə hazırıq. Ağıllı konsepsiya əsasında tikilən kənd və şəhərlər buna bariz nümunədir. Fürsətdən istifadə edərək həmkarlarımızı bu sahədə əməkdaşlığı dəyərləndirməyə və birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirməyə dəvət edirəm”, - deyə nazir müavini bildirib.
Sonra BƏƏ Baş Nazirinin Ofisi - Hökumət Akselerasiya Proqramının rəhbəri Radheya Əl Haşimi “Dövlət xidmətlərinin sürətləndirilməsi” mövzusunda təqdimat edib.
“Xidmətlərin gələcəyi” mövzusunda təşkil olunan ilk panel müzakirələrdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, BƏƏ Baş Nazirinin Ofisinin Hökumət xidmətlərinin inkişafı bölməsinin rəhbəri Salim Al Şaami, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, BƏƏ Hökumətinin nümayəndəsi Tariq Al Havi, “SİNAM” MMC direktoru Elçin Əliyev çıxış ediblər.
“Dövlət idarəçiliyində qadınların səlahiyyətlərinin artırılması” mövzusuna həsr edilən ikinci panel müzakirələrdə Milli Məclisin deputatı Hicran Hüseynova, Federal Rəqabət Qabiliyyəti və Statistika Təşkilatının icraçı direktoru Hanan Ahli, Mərkəzi Bankın İcraçı direktoru Gülər Paşayeva, Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Kendis Makdeyqn, “Femmes Digitales” təşkilatının təsisçisi Yana Krimpenin çıxışları dinlənilib.
Sonda BƏƏ-nin kabinet işləri naziri Məhəmməd Əl Qərqaviyə “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Sosial 2023-06-14 15:28:00