×
A
A
A
Sazlamalar

Paşinyanın Rusiyanın ünvanına səsləndirdiyi fikirlər klassik ikiüzlülük və riyakarlığın növbəti nümunəsidir – Rəy

Bakı, 10 iyun, AZƏRTAC
Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri çərçivəsində dilə gətirdiyi böhtan və yalan xarakterli iddialar, eyni zamanda, Rusiyanın ünvanına səsləndirdiyi fikirlər rəsmi İrəvanla yanaşı, ermənilərin əhəmiyyətli hissəsinə xas olan klassik ikiüzlülük və riyakarlığın növbəti nümunəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mİrzəbəyli deyib.
Siyasi ekspert bildirib ki, ermənilərin tarixin bütün dövrlərində, tarixi Azərbaycan torpaqlarında onlar üçün “muxtariyyət” və “dövlət” qurulmamışdan öncə də yaşadıqları ölkələrin onlara qucaq açan xalqlarına qarşı xəyanət yolunu seçərək, ayrı-ayrı qütblər və güc mərkəzləri arasında ikrah doğuran bir formada var-gəl etməklə müəyyən üstünlüklər qazanmağa çalışıblar. Amma hər dəfə simasızlıq, riyakarlıq və miskin hiyləgərlikləri onlara baha başa gəlib və tez ya gec layiq olduqları “dəyəri” alıblar.
“Xatırladım ki, Nikol Paşinyanın Rusiyanın ünvanına səsləndirdiyi və Moskvada nədənsə “soyuq duş” effekti yaradan ittihamdan düz 6 ay keçir. Bu il yanvarın 10-da Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, “Rusiyanın Ermənistandakı hərbi mövcudluğu nəinki Ermənistanın təhlükəsizliyinə təminat vermir, əksinə, ölkənin təhlükəsizliyinə təhdid yaradır”.
Ermənistanın baş nazirinin müəyyən fasilələrlə Rusiyanın və bu ölkənin dominant rol aldığı təminatların ünvanına səsləndirdiyi fikirlərə nəzər salaq:
“Avrasiya İqtisadi İttifaqına daxil olmaqla və bu təşkilatın ətrafında cərəyan edən proseslər kontekstində Ermənistanın suverenliyi ciddi zərbələr alıb” və yaxud “Son 20-25 il ərzində Rusiya suverenliyimizi kiçik hissələrlə əlimizdən alır”. Bütün bunlar dünən Moskvada keçirilən Üçüncü Avrasiya Konqresində böyük sevinc və fəxarət hissi ilə iştirak edən və “Avrasiya İqtisadi İttifaqının iqtisadi inkişaf üçün böyük potensiala malik olduğunu” bəyan edən Nikol Paşinyanın sözləridir.
Paşinyan bir tərəfdən yenə də Rusiyanın dominant rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina edir və bunu KTMT-nin “fiaskoya uğraması” ilə əlaqələndirir, digər tərəfdən Rusiyanın ünvanına həddən ziyadə yaltaqlıqla təriflər yağdırır”, - deyə E.Mirzəbəyli qeyd edib.
Siyasi ekspertin sözlərinə görə, yenə də elə həmin Paşinyan Avropa İttifaqı və ABŞ-la strateji münasibətlərdən, Ermənistanın Qərbə inteqrasiyasından dəm vurur və sonra da ABŞ-da keçirilən “Demokratiya sammiti”nin yekun bəyannaməsində Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə olunduğuna görə, sənədə imza atmır. Rəsmi İrəvan bir yandan Avropa İttifaqının qapılarında yardım dilənir, bir tərəfdən Rusiyaya qarşı sanksiyaların “qırmızı xətti” olduğunu və Ermənistanın özünü Rusiyaya görə təhlükəyə atmayacağını bəyan edir, digər tərəfdən Rusiyaya müdafiə sənayesində istifadə etmək üçün mikroçiplər və prosessorlar göndərir. Yaxud İrandan “aldığı” Pilotsuz Uçuş Aparatlarını Rusiyaya ötürür və daha sonra isə Rusiyadan silah alınmasında “müəyyən problemlərin olduğunu” iddia edərək, Qərbdən hərbi yardım dilənir.
“Nikol Paşinyanın və bütövlükdə Moskva ilə Qərb ölkələrinin paytaxtları arasında var-gəl edən siyasi rəhbərliyinin leksikonları və fəaliyyətləri bu qəbildən olan ikiüzlülük və simasızlıqla o qədər zəngindir ki, bu barədə günlərlə danışmaq olar. Bütün bunlar informasiya və kommunikasiya texnologiyalarının inkişaf sürətinin saniyələrlə ölçüldüyü bir dövrdə, hər kəsin gözü qarşısında baş verir.
Amma nədənsə vaxtilə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığını, viran qoyduğunu görmək istəməyən Qərb yenə də rəsmi İrəvanın Rusiya ilə bağlı davranışlarına gözünü yumur, yaxud “üç meymun” heykəlində təsvir olunan davranışları sərgiləyir”, - deyə siyasi ekspert diqqətə çatdırıb.

Siyasət 2023-06-10 17:25:00