×
A
A
A
Sazlamalar

Çay daşı üzərində cızılan portretlər - REPORTAJ

Xaçmaz, 10 iyun, Elxan Yusifli, AZƏRTAC

Bu sənətkar fırça yerinə avtomobil mühərrikinin klapanlarından, kağız əvəzinə isə kiçik çay daşlarından istifadə edir. 14 yaşından daşların sehrinə düşən xaçmazlı rəssamın indi 600-dən çox əl işi var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ədalət Pirverdiyev (Elman) daş üzərində oyma sənəti üzrə ölkəmizdə ən tanınmış rəssamlardandır. O, 1979-cu ildə Xaçmaz rayonunun Alıcqışlaq kəndində dünyaya göz açıb. 9 illik orta təhsilini həmin kənddə başa vurub. Sonra rayondakı 92 saylı peşə liseyində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.

“Uşaq olanda Qobustan qayalarındakı rəsmlərdən ilhamlanaraq daşlar üzərində iti alətlə cızmaqla şəkillər çəkməyə başladım. Sonradan oyma üsuluna keçdim. Bu, çox səbir tələb edən işdir. Daş üzərində bir əl işi 2-3 aya ərsəyə gəlir. Ən çox vaxt aparan portretlərdir”, - deyə Ə.Pirverdiyev bildirib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan Ədalət Pirverdiyev daha çox portret, abstrakt və mənzərə janrlarına üstünlük verir. O, Azərbaycanın bir çox siyasi, ictimai, mədəniyyət və incəsənət xadiminin, eləcə də görkəmli şair və yazıçısının portretlərini daş üzərinə həkk edib.

Otuz ildir daş üzərində oyma sənəti ilə məşğul olan rəssamın bu sənətin sirlərinə yiyələnməsinə Quba rayonunun Qalaxudat kəndindən olan sənətkar Qərib Soltanovun da böyük rolu olub. Ədalət Pirverdiyev işlədiyi alətləri məhz onun tövsiyəsi ilə seçib. Rəssam daşları oymaq üçün avtomobil mühərrikindəki böyük və balaca klapanlardan istifadə edir. Daşlar üzərində karandaşla çəkilən eskizlər ucları itilənmiş klapanlarla yonulur.

“Daşları şimal bölgəsindəki Qudyalçay, Qusarçay, Ağçay və Qaraçaydan toplayıram. İşləmək üçün hamar və müxtəlif rəngli daşlar tapmaq lazımdır. Həm də oyacağım şəklə uyğun formada və rəngdə daşlar olmalıdır. Əvvəlcə daşın üzərində rəsmin eskizini çəkirəm. Sonra isə oymağa başlayıram. Qalın klapanla rəsmin kənarlarını, nazik ucu ilə isə insanın saçlarını, gözlərinin konturlarını cızıram. Kiçik bir səhv daşın qopması və əl işinin məhv olması ilə nəticələnir. Ona görə təmkinlə işləmək lazımdır”, - deyə Ə.Pirverdiyev bildirib.

Daşları danışdıran rəssamın əl işləri ölkəmizdə və xaricdə 30-dan çox sərgidə nümayiş etdirilib, fərdi sərgiləri açılıb. Dəfələrlə müxtəlif müsabiqələrin qalibi adını qazanaraq, fəxri fərman və diplomlarla mükafatlandırılıb.

Ədalət Pirverdiyevin yolunu davam etdirən tələbəsi də var. Xaçmazın Aşağı Zeyid kəndindən olan 13 yaşlı Kəmalə Sərkərova meylini daş üzərində oyma sənətinə salıb. Artıq ilk əl işlərini də hazırlayıb. Ə.Pirverdiyev tələbəsinin istedadına güvənir və gələcəkdə onun da tanınmış rəssamlardan olacağına inanır.

 

Regionlar 2023-06-10 12:36:00