×
A
A
A
Sazlamalar

Lənkəranda quş kəsimi müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Bakı, 9 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan müraciət əsasında Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, döngə 2 ünvanında Əkbərov İdrak Əliməmməd oğluna məxsus fərdi yaşayış sahəsində yerləşən quş kəsimi müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozulduğu, istehsal edilən məhsulların etiketlənmə aparılmadan və baytarlıq-sanitariya nəzarətindən keçirilmədən satışının həyata keçirildiyi məlum olub. Həmçinin döşəmə, divar, tavanın tamlığının pozulduğu və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul olunub.

Sosial 2023-06-09 19:13:00