×
A
A
A
Sazlamalar

Qida Təhlükəsizliyi İnstitutunda universitet müəllimləri qida məhsullarının yoxlanılması prosesini izləyiblər

Bakı, 9 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin “Açıq qapı” layihəsi çərçivəsində Agentliyin tabeliyindəki Qida Təhlükəsizliyi İnstitutunda növbəti “Açıq qapı” günü təşkil olunub. Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim heyətinin iştirak etdiyi tədbir qurumun fəaliyyətə başlamasının 5 illiyi ilə əlaqədar hazırlanan Tədbirlər Planına uyğun olaraq keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Açıq qapı” gününün təşkil edilməsində əsas məqsəd qida məhsullarının Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər olan mərhələləri əyani şəkildə iştirakçılara göstərməkdən, eyni zamanda laboratoriyaların imkanlarını, maddi-texniki bazasını və bu sahədə görülən işləri daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.
Tədbir zamanı iştirakçılara institutun fəaliyyəti, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərdə qida təhlükəsizliyi göstəriciləri üzrə aparılan tədqiqatlar, aparılan elmi-praktiki araşdırmalar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, hazırda institutun nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir. Laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, modernləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, eyni zamanda kadrların səriştəliliyinin artırılması sahəsində mütəmadi tədbirlər görülür. Aparılan müayinələrin nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, laboratoriyaların akkreditasiyadan keçməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə laboratoriyaların beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı üzrə işlər davam etdirilir.
“Açıq qapı” zamanı iştirakçılar institutun laboratoriyalarına baxış keçirib, laboratoriyaların maddi-texniki bazası ilə yaxından tanış olublar. Həmçinin onlar qida məhsullarının yoxlanılması prosesində iştirak edərək həmin məhsulların laboratoriyalara qəbulu anından son müayinə nəticələrinə qədər olan mərhələləri əyani şəkildə izləyiblər. “Açıq qapı” günü çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

Sosial 2023-06-09 11:06:00