×
A
A
A
Sazlamalar

Pekində meymunçiçəyi virusuna iki yoluxma faktı aşkarlanıb

Pekin, 7 iyun, AZƏRTAC

Çinin paytaxtı Pekində meymunçiçəyi virusuna (empoks) iki yoluxma faktı qeydə alınıb.
AZƏRTAC “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, virusa yoluxanlardan biri xaricdən gələn, digəri isə onunla yaxın təmasda olan şəxsdir. Onların hər ikisinin vəziyyətinin qənaətbəxş olduğu və xüsusi tibb ocağında nəzarət altında saxlanıldıqları bildirilir.
Pekinin xəstəliklərə nəzarət idarəsi yoluxma faktı ilə əlaqədar təhqiqata başlayıb. Virusun kütləvi yayılma qorxusu yoxdur.
Qeyd edək ki, ilk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında aşkarlanmış meymunçiçəyi xəstəliyi ötən ilin may ayında Böyük Britaniyada qeydə alınıb və o vaxtdan bəri 111 ölkədə yoluxmalar aşkarlanıb. Meymunçiçəyi virusunun əlamətləri başağrıları, bədənin hər hansı hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrılarıdır. Ötən il iyulun 23-də Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmasını ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Qurum keçən ay meymunçiçəyinin artıq ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət təşkil etmədiyini açıqlayıb. Son üç ayda əvvəlki rüblə müqayisədə xəstəliyə qeydə alınmış yoluxma hallarının sayı təxminən 90 faiz azalıb.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2023-06-07 19:14:00