×
A
A
A
Sazlamalar

Azərbaycanla Rusiya arasında dini-mənəvi əlaqələrin mövcud səviyyəsi müzakirə olunub

Bakı, 7 iyun, AZƏRTAC

İyunun 7-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikovla görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfirin diplomatik fəaliyyətinin başa çatması münasibətilə keçirilən görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında siyasi, iqtisadi, mədəni-humanitar münasibətlərlə yanaşı, dini-mənəvi əlaqələrin də mövcud səviyyəsindən razılıq ifadə olunub. Şeyxülislam səfirin Azərbaycanda fəaliyyəti dövründə bu istiqamətdə səy və əməli töhfələrini yüksək dəyərləndirib, ona gələcək fəaliyyətində uğurlar diləyib.
Səfir M.Boçarnikov Azərbaycanda fəaliyyəti dövrünü, buradakı görüşləri barədə xoş xatirələri qəlbində hər zaman yaşadacağını ifadə edib. O, Qafqaz müsəlmanlarının dini lideri şeyxülislam A.Paşazadə ilə Moskva və bütün Rusiya Patriarxı Kiril arasında dinlərarası dialoq və əməkdaşlığın örnək nümunəsinin xüsusi əhəmiyyətini vurğulayıb.
QMİ sədri, öz növbəsində, bu münasibətlərə böyük dəyər verdiyini bildirərək, Rusiya Patriarxı Kirillə bu yaxınlarda Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində baş tutmuş görüşünü səmimiyyətlə xatırlayıb.
Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının mərhum Arxiyepiskopu Aleksandrın əziz xatirəsi yad olunub və onun Azərbaycan-Rusiya mənəvi əlaqələrinin inkişafına uzun illər ərzində verdiyi töhfələr yüksək dəyərləndirilib.
Səmimi keçən görüşün sonunda şeyxülislam A.Paşazadə və diplomatik fəaliyyətini başa vuran səfir M.Boçarnikov qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim ediblər.

 

Din 2023-06-07 16:06:00